Bakıda Zəfər Gününə həsr olunan qaçış təşkil ediləcək

Xəbərlər
20 Oktyabr 2025 11:18
51
Bakıda Zəfər Gününə həsr olunan qaçış təşkil ediləcək

Noyabrın 2-də Bakıda Vətən müharibəsində Azərbaycanın qazandığı möhtəşəm Zəfərin 5-ci ildönümünə həsr olunmuş “Qələbə qaçışı” adlı xeyriyyə tədbiri keçiriləcək.

İdman.Biz xəbər verir ki, ənənəvi tədbir Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə hər il olduğu kimi “Qürurla irəli” şüarı altında baş tutacaq. Aksiyanın məqsədi Azərbaycanın tarixi qələbəsini ehtiramla anmaq, xalqımızın birliyini, qəhrəmanlığını və dönməz iradəsini bir daha vurğulamaqdır.

İştirakçılar üçün qeydiyyat zamanı minimum 20 manat xeyriyyə haqqı müəyyən edilib. Toplanan vəsait “YAŞAT” Fonduna ianə olunacaq.

“Qələbə qaçışı”nın iştirakçıları Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start götürəcəklər. Qaçış 10 km məsafəni əhatə edəcək və finişə ilk çatan iştirakçılar qalib elan edilərək mükafatlandırılacaqlar.

Bundan əlavə, 1–2 noyabr tarixlərində fan-zona da fəaliyyət göstərəcək. Burada ziyarətçiləri müxtəlif əyləncələr və bayram ab-havası gözləyəcək.

Qaçış 2 noyabr saat 10:00-da başlayacaq. İştirak etmək istəyən 16 yaşdan yuxarı şəxslər 30 oktyabr saat 12:00-dək events.smartscoring.com/marathon linki vasitəsilə qeydiyyatdan keçə bilərlər. Yerlər məhdud olduğundan limitə çatdıqda qeydiyyat avtomatik olaraq bağlanacaq.

Qeydiyyatı təsdiqlənən iştirakçılara e-mail vasitəsilə təsdiq məktubu və iştirakçı bələdçisi göndəriləcək. Onlar 15-30 oktyabr tarixlərində, saat 09:00-dan 20:00-dək BEGOC Biznes Mərkəzinin 1-ci mərtəbəsindən şəxsiyyət vəsiqəsi və ödəniş təsdiqini təqdim etməklə iştirakçı nömrəsini əldə edə biləcəklər.

Qeyd edək ki, “Qələbə qaçışı” 2021-ci ildən etibarən ənənəvi olaraq hər il keçirilir.

Ətraflı məlumatı *6003 nömrəli çağrı mərkəzindən və ya tədbirin rəsmi “Instagram” səhifəsindən almaq mümkündür: instagram.com/victoryrun.az.

İdman.Biz