Azərbaycan Dakarda kamandan oxatma üzrə təmsil olunmayacaq - ÖZƏL

18 Sentyabr 2026 10:01
144
Azərbaycan Dakarda kamandan oxatma üzrə təmsil olunmayacaq - ÖZƏL

Azərbaycan oktyabrda Seneqalın Dakar şəhərində keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarında kamandan oxatma üzrə təmsil olunmayacaq.

Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov İdman.Biz-ə açıqlamasında bildirib ki, lisenziya qazanmaq üçün federasiya tərəfindən bütün mümkün addımlar atılıb.

Onun sözlərinə görə, yekun qərar Azərbaycan üçün əlverişli olmayıb:

“Təəssüf ki, Təşkilat Komitəsi digər ölkələri seçdi. Əvvəldən kvotalar baxımından Afrika ölkələri daha üstün mövqedə idi”.

F.Xəlilov qeyd edib ki, lisenziya uğrunda əsas seçmə turniri Kanadada keçirilib. Lakin viza ilə bağlı yaranan problemlər səbəbindən Azərbaycan komandası həmin yarışda iştirak edə bilməyib.

Bundan başqa, Dakarda keçiriləcək Olimpiya Oyunlarına xaricdə təşkil olunan digər turnirlərdən biri vasitəsilə və ya "World Archery" tərəfindən təsdiqlənmiş nəticələrin əldə olunması şərtilə ölkə daxilində yarış keçirməklə də vəsiqə qazanmaq mümkün idi.

Federasiya bu məqsədlə beynəlxalq hakim dəvət etməklə “Zəfər” turnirini təşkil edib. Yarışda iştirak edən idmançılar tələb olunan normativi yerinə yetiriblər və nəticələr qəbul olunub.

Azərbaycan üçün biri oğlanlar, digəri qızlar arasında olmaqla iki kvota nəzərdən keçirilib. Lakin yekunda Təşkilat Komitəsinin qərarı Azərbaycan millisinin Dakarda iştirakına imkan verməyib.

İdman.Biz