Oxatma romantik aura yaradır. Populyarlıq baxımından bir çox ənənəvi idman növündən geri qalmasına baxmayaraq, yarışlar kifayət qədər yüksək tamaşaçı marağı doğurur.
Bəs oxatmanın lokal və qlobal anlamda missiyası nədən ibarətdir? Onun sosial rolu və cəlbediciliyi nədədir? Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov məhz bu prizmadan İdman.Biz-ə danışıb.
“Oxatma sadəcə idman deyil: bu, inkişaf alətidir. İnsanlar oxatma haqqında düşünəndə adətən Olimpiya finallarını, ideal atışları və medalları təsəvvür edirlər. Amma oxatma sahəsində uzun illər çalışdıqdan sonra belə qənaətə gəldim ki, onun əsas dəyəri yarışlardan xeyli kənara çıxır”, - deyə F.Xəlilov söyləyib.
O əlavə edib ki, oxatmada ən çox bəyəndiyi xüsusiyyətlərdən biri uğurun yalnız fiziki gücdən və ya sürətdən asılı olmamasıdır. Bu idman növü səbir, özünənəzarət, intizam və məsuliyyət öyrədir, hər bir atış sanki konsentrasiya dərsidir:
“İnkişaf baxımından oxatma həm də ən inklüziv idman növlərindən biridir. Uşaqlar, böyüklər, əlilliyi olan insanlar və yaşlı idmançılar birlikdə məşq edə bilərlər. Bu, yaş və fiziki fərqlərin bağlılıq və davamlılıq qədər əhəmiyyət daşımadığı bir idman növüdür.
Bir çox ölkədə oxatma gəncləri sağlam həyat tərzinə cəlb etməyin effektiv üsuluna çevrilir. O, gənc idmançıların hörmət, komanda işi və özünəinam öyrəndikləri təhlükəsiz mühit yaradır. Bir çoxları üçün atış xəttinə ilk çıxış eyni zamanda məqsədyönlülük sayəsində nəyəsə nail ola biləcəklərinə həqiqətən inanmağa başladıqları ilk an olur”.
Baş katib etiraf edib ki, idman menecmenti sahəsində çalışan biri kimi oxatmanın daha bir mühüm rolunu görür:
“İdmanın inkişafı yalnız çempionların hazırlanması demək deyil. Bu, klubların yaradılması və inkişafı, məşqçilərin hazırlanması, könüllülərin dəstəklənməsi, gənclər üçün imkanların yaradılması və hər kəsin keyfiyyətli infrastruktura və avadanlığa çıxışının təmin edilməsidir. Davamlı inkişaf effektiv idarəetmə, uzunmüddətli planlaşdırma və federasiyalar, dövlət qurumları, məktəblər və yerli icmalar arasında əməkdaşlıq tələb edir”.
Beynəlxalq əməkdaşlıq da az əhəmiyyət daşımır.
“Federasiyalar biliklərini bölüşəndə, ideya mübadiləsi aparanda və bir-birinin təcrübəsindən öyrənəndə hamı qazanır. Başqa yerlərdə artıq uğurla işləyən həlləri yenidən icad etməyə ehtiyac yoxdur. Onları öz icmalarımızın şəraitinə uyğunlaşdırmaq lazımdır. Azərbaycanda işləmək və Avropanın müxtəlif ölkələrindən olan həmkarlarla əməkdaşlıq mənə göstərib ki, hər bir ölkə fərqli çağırışlarla üzləşir, amma məqsədlərimiz təəccüblü dərəcədə oxşardır: idmanı daha əlçatan, daha davamlı və daha əhəmiyyətli etmək”, - deyə F.Xəlilov bildirib.
Yekun olaraq o qeyd edib ki, ola bilsin, oxatma heç vaxt dünyada ən populyar idman növünə çevrilməyəcək, amma bu, onun təsir imkanlarını məhdudlaşdırmır.
“Bəzən idmanın ən böyük dəyəri televiziya auditoriyası və ya sponsor müqavilələri ilə ölçülmür. O, gənc idmançının özünəinamı, könüllü məşqçinin fədakarlığı və ya öz icmasının mərkəzinə çevrilən kiçik klubun inkişafı ilə ölçülür.
Məhz buna görə hesab edirəm ki, oxatmaya yatırılan investisiyalar son nəticədə insanlara yatırılan investisiyalardır”, - deyə Avropa Oxatma Federasiyasının (World Archery Europe) komitə üzvü olan F.Xəlilov fikrini tamamlayıb.
