Azərbaycan Kamandan Oxatma Federasiyasının və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “Bakı Şəhər Kuboku”nun II mərhələsi çərçivəsində mübarizə davam edir.
Turnir çərçivəsində həm böyüklər, həm də U15 kateqoriyası üzrə çıxış edən idmançıların sınaq atışları tamamlanıb.
Artıq U15 kateqoriyası üzrə yarışlar yekunlaşıb və 40 metr məsafədə qüvvəsini sınayan 14 gənc oxatan arasında aparılan təsnifat mərhələlərinin nəticələrinə əsasən, finala vəsiqə qazanan rəqiblər məlum olub.
Oğlanlar arasında İsmayılov Məhəmməd, Məmmədov Əli, İsmayılov Əhməd və Məmmədli Saleh, qızlar arasında isə İbrahimli Məryəm, Məmmədova Banu, Məmmədli Selcan və Rüstəmli Sona yüksək dəqiqlik nümayiş etdirərək adlarını finalçılar sırasına yazdırıblar.
Yarışın proqramına əsasən, sabah rəsmi açılış mərasimi, həmçinin böyüklər kateqoriyası üzrə təsnifat mərhələləri keçiriləcək.
Qeyd edək ki, “Bakı Şəhər Kuboku”nun II mərhələsinin bütün qalibləri 28 iyun tarixində baş tutacaq həlledici final qarşılaşmalarından sonra müəyyən olunacaq.
