Azərbaycan güləş yığmasının böyük məşqçisi: "Dünya çempionatında qazanılan nəticələr qənaətbəxşdir"

Xəbərlər
22 Avqust 2025 18:07
45
Azərbaycan güləş yığmasının böyük məşqçisi: "Dünya çempionatında qazanılan nəticələr qənaətbəxşdir"

"Azərbaycanın sərbəst güləşçilərinin Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında göstərdikləri nəticə qənaətbəxşdir".

İdman.biz Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu 20 yaşadək sərbəst güləşçilərdən ibarət yığmanın böyük məşqçisi Arif Abdullayev deyib.

O, milli üzvlərinin mundialdakı çıxışını şərh edib: “Ümumilikdə 71 xal toplayaraq, komanda hesabında dünya dördüncüsü olduq. Avropa ölkələri arasında ən yaxşı nəticə göstərdik. Bundan da yaxşı nəticə əldə edə bilərdik. Yusif Dursunov iranlı güləşçiyə sonuncu xal prinsipinə görə məğlub oldu. Əsas ümidlərimiz böyüklər arasında Avropa mükafatçısı olmuş Ağanəzər Novruzova idi. Ancaq nəticə gözlədiyimiz kimi olmadı. Bəzi idmançılarımız fərdi səhvlərə görə məğlub oldular. Ümumilikdə nəticə qənaətbəxşdir. Gənclərimiz böyük perspektiv vəd edirlər. Bu səhvləri aradan qaldırsalar, böyük nəticələr əldə edəcəklər".

Qeyd edək ki, Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatında 3 bürünc medal qazanıblar.

İdman.biz