Həsrət Məmmədyarov: "İldən-ilə nəticəmiz daha da yaxşılaşacaq”

Xəbərlər
30 İyun 2025 00:29
43
Həsrət Məmmədyarov: "İldən-ilə nəticəmiz daha da yaxşılaşacaq”

İtaliyanın Kaorle şəhərində keçirilən U15 Avropa çempionatında 3 medal qazanan qızlardan ibarət millimiz vətənə qayıdıb.

İdman.biz xəbər verir ki, 1 gümüş, 2 bürünc medal əldə edən və 82 xalla komanda hesabında 5-ci yeri tutan yığma həm medalların sayına, həm əyarına, həm toplanan xallara, həm də yekun sıralamadakı mövqeyinə görə özünün ən yaxşı nəticəsinə imza atıb.

Böyük məşqçi Həsrət Məmmədyarov bu nəticəni qənaətbəxş qiymətləndirdiyini deyib: "İnşallah, təlim-məşq toplantılarımız davam etdikcə bundan da artıq nəticələr verə bilərik. Bu yarışa hazırlıq prosesində bizə yaradılan şəraitə görə federasiyamıza təşəkkürümü bildirirəm. Bundan da çox medal qazana bilərdik. Amma nəzərə alaq ki, heyətin əksər üzvü ilk dəfə böyük yarışda çıxış edirdi. Ölkə çempionatından sonra yeni qızlar komandaya cəlb edilib. Fikrimcə, ildən-ilə nəticəmiz daha da yaxşılaşacaq”.

Avropa ikincisi Simurə Abdullayeva uğurlu çıxışını 26 iyun - Silahlı Qüvvələr gününə özəl olaraq, şəhidlərimizə və hərbçilərimizə həsr etdiyini bildirib: "Üstümdə əziyyəti olan ailəmə, şəxsi məşqçim Orxan müəllimə və mənə dəstək olan yığma məşqçilərinə öz dərin təşəkkürümü bildirirəm. İnşallah, qarşıdan gələn yarışlara daha yaxşı hazırlaşıb, bundan da yaxşı nəticələr göstərərək, bayrağımızı fəxrlə dalğalandıraram”.

Avropa üçüncüsü Məryəm Əmrəli yarışa çox yaxşı hazırlaşdıqlarını vurğulayıb: "İlk dəfə Avropa çempionatında iştirak edirdim. Ona görə də həyəcan var idi. Amma çalışdım ki, yarışıma təsiri olmasın. Özümdən çempionluq gözləyirdim. Amma bürünc medal qazandım. Bəzi səhvlərə görə çempion ola bilmədim”.

Avropa üçüncüsü Leyla Əsgərova finala çıxmağı və çempion olmağı gözlədiyini deyib: "Alınmadı. İlk Avropa çempionatım idi. Üçüncü yerə nail oldum. Çox sevincliyəm. İlk başda atama dərin təşəkkürümü bildirirəm. Çünki atam məni bu yola kimi gətirib. Daha sonra şəxsi məşqçim Eşqin Həsənova, yığmanın məşqçilərinə, mənə dəstək olan Mariya Stadnikə və fiziki hazırlıq üzrə məşqçim Sənan müəllimə də minnətdaram. Onların hər birinin üzərimdə böyük əziyyəti var. İnşallah, onların əziyyətini yerə vurmayacağam. Qarşıda hələ çox yarışlar var. Bu yarışlara ciddi hazırlaşıb, bayrağımızı dalğalandıracağam”.

İdman.biz