“Belə mötəbər yarışda bayrağımızı dalğalandırmaq çox qürurverici hissdir”.
Bunu İdman.biz-ə güləş üzrə U-17 Avropa çempionatının qızıl medalını qazanan Rihad İbrahimli (110 kq) deyib.
O, Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən yarışda qələbəsini şərh edib. Güləşçi bildirib ki, çempionluğunu anasına həsr edib: “Avropa çempionu olmaq sevindiricidir. Bu mənim ilk qitə birinciliyində ilk qızıl medalımdır. Qarşıda bizi dünya çempionatı gözləyir, artıq ora hazırlaşacam. Məqsədim dünya çempionatında da qızıl medal qazanaraq bayrağımızı yüksəltməkdir. Hazırlığa fasilə verməyəcəyik və növbəti qələbələrə inanırıq. Avropa çempionluğumu isə anama həsr edirəm”.
Qeyd edək ki, ağır çəkidə 10 illik qızıl medal həsrətinə son qoyan İbrahimli keçirilən Avropa çempionatının yarımfinalında ukraynalı Anatoli Novaçenkoya, finalda isə bolqarıstanlı Denis Lazarova qalib gəlib.
Mehri Qurban
İdman.biz