Sənan Süleymanov: “Hamını özümə rəqib görürəm” - MÜSAHİBƏ

Xəbərlər
19 Oktyabr 2023 16:52
184
Sənan Süleymanov: “Hamını özümə rəqib görürəm” - MÜSAHİBƏ

Azərbaycan millisinin yunan-Roma güləşçisi Sənan Süleymanovun (77 kq) İdman.biz saytına müsahibəsi

- Son 2 dünya çempionatında - həm Osloda, həm də Belqradda finalda uduzdun. Son anda qızılın əldən çıxmasına əsas səbəblər nədir?

- Dünya çempionatlarının finalında çox güclü rəqiblər ilə üz-üzə gəldim. Osloda Olimpiya oyunlarının ikiqat qalibi Roman Vlasovla qarşılaşdım. Kifayət qədər təcrübəsi var idi. Düzdür, rəqiblər nə qədər təcrübəli olsa da, fikirləşirəm ki, heç birindən zəif deyiləm. Hər birinə qalib gələcək gücdəyəm. Osloda sırf rəqib məndən daha təcrübəli olduğu üçün qalib gəldi. Amma rəqibi çox yordum. Xalçanı məşqçilərinin köməyi ilə tərk etdi. Sonuncu dünya çempionatında isə çoxlu səhvlərim oldu. Rəqib Akzol Mahmudov idi. O da təcrübəli idmançı idi. Heç bir rəqibdən çəkinmirəm. Orda əsas səhvim rəqibin güləşinə uyğun mübarizə aparmağım oldu. Ehtiyatla güləşib rəqibi təzyiqdə saxlamağa çalışdım. Templə güləşmədim. Bu da mənim məğlub olmağımla nəticələndi. İkinci dəfə dünya çempionatının kəmərini əldən verdiyim üçün çox məyus oldum.

- İlk dəfə 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edəcəksən. Bunu sözlə necə ifadə edə bilərsiz?

- Bundan əvvəl Olimpiadaya lisenziya qazanmağın bir addımlığında idim. Qismət bu Paris-2024-ə oldu. Heç bir həyəcan yoxdur. Qarşıda kifayət qədər zaman var ki, Oyunlara qədər bütün səhvlərimi aradan qaldırım və Fransa paytaxtına tam hazır yollanım. İdmançı nə qədər səhvsiz güləşərsə, o qədər də nəticə əldə edə bilər.

- Olimpiya Oyunları təcrübənin olmaması və sənə ümidlər böyük bəslənilməsi psixoloji yük ola bilərmi?

- Düşünürəm ki, Olimpiya Oyunlarında xüsusi təcrübəyə ehtiyac yoxdur. Bir qədər abu-hava fərqli olur. 4 ildən bir keçirilməsinin də buna təsiri var. Məndən medal gözlənilməsi əlavə təzyiq yaratmır. Əksinə, bu, əlavə motivasiyadır. Azarkeşlər məndən nə qədər medal istəsələr də, bunu özümdən çox istəyə bilməzlər. Elə ən böyük arzum Oyunlarda medal qazanmaqdır.

- Parisdə əsas rəqiblərin haqqında nə deyə bilərsən?

- Olimpiadada zəif rəqib olmur. Hazırda Oyunlara 5 lisenziya var. Sonuncu dünya çempionatında yer tutan rəqiblərdir. Hamını özümə rəqib görürəm. Rəqibin kimliyindən asılı olmayaraq, heç kimə zəif gözü ilə baxmıram. Hazırda iştirakçılar da tam bəlli deyil. Lisenziya olanlardan ən əsas rəqibim Qırğızıstan idmançısı Akzol Mahmudov, erməni idmançısı və yaponiyalı Nao Kusakadır. Bunların hər biri çox güclü rəqiblərdir.

- Özündə çatışmadığı düşündüyün və ən çox üzərində işləyəcəyin cəhətlər hansılardır?

- Əsas üzərində işlədiyim tərəf parter vəziyyətidir. Buna görə bir idmançı kimi çox problem yaşamışam. Qabırğamda zədələr olduğu üçün bu vəziyyətlər zamanı çox ağrılar yaşayıram. Son vaxtlar bundan çox əziyyət çəkdim. Rəqiblərim məşq etdiyi zaman mən zədələrimi sağaldırdım. Sonuncu dünya çempionatında da zədələndim. Hazırda da məşq edə bilmirəm. Tam sağaldıqdan sonra bütün səhvlərimin üstündə işləyib Oyunlara tam hazır olacağam.

- Paris-2024-də əsas hədəfin nə olacaq?

- Ən böyük arzum Olimpiya çempionu olmaqdır. Bunu çox istəyirəm. Amma istəmək əldə etmək deyil. Bunun üçün gərək çox əziyyət çəkəsən. Əlimdən gələn hər şeyi edirəm. İnşallah, buna nail olacağam.

Emin Ağa

İdman.biz