Reytinq turniri: Eldəniz Əzizli və Həsrət Cəfərov çempion olub

Xəbərlər
9 İyun 2024 20:21
2 037
Reytinq turniri: Eldəniz Əzizli və Həsrət Cəfərov çempion olub

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə reytinq turniri sona çatıb.

İdman.biz xəbər verir ki, bu gün Azərbaycanın daha 4 yunan-Roma güləşçisi mübarizəyə qoşulub.

Eldəniz Əzizli (55 kq) ilk mərhələdə iranlı Puya Dad Marzanı 6:1, ikinci görüşdə isə gürcüstanlı Nuqzari Tsurtsumiaya tam üstünlüklə (8:0) qalib gəlib. O, 3-cü görüşdə Marat Qaribovla (Braziliya) qarşılaşıb və tam üstünlüklə qalib gəlib (9:0).

Həsrət Cəfərov (72 kq) ilk mərhələdə iranlı Seyid Söhrabiyə 12:6, ikinci döyüşdə isə macarıstanlı Kristofer Klanyiyə 7:0 hesabları ilə qalib gəlib. O, yarımfinalda gürcüstanlı Olimpiya mükafatçısı və Avropa çempionu Şmaqi Bolkvadzeni də mübarizədən kənarlaşdırıb (7:1). Həsrət finalda misirli Mustafa Alameldinlə qalib gələrək, çempion titulunu qazanıb.

72 kq çəkidə mübarizə aparan digər idmançımız Ülvi Qənizadə ilk mərhələdə koreyalı Hyeonjin Kanqaya 3:2 hesabı ilə qalib gəlsə də, 1/4 finalda mübarizəni dayandırıb.

Sənan Süleymanov (77 kq) qazaxıstanlı Demeu Jadrayev xalçaya çıxmadığı üçün 1/8 finalda güləşmədən qalib elan olunub. O, daha sonra iranlı Məhəmməd Əli Gerayini 6:1 hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib. Sənan yaponiyalı Nao Kusakaya uduzub. Süleymanov zədə üzündən bürünc uğrunda görüşə çıxmayacaq.

Qeyd edək ki, yekunda yığmamız turniri 3 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub. Komandanın heyətində əvvəlcə yunan-Roma güləşində Murad Məmmədov (63 kq) qızıl, sərbəst güləşdə isə Maqomedxan Maqomedov (97 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medal qazanıblar.

İdman.biz