Paris Yolu: Yalnız Mariya Stadnik! - YENİLƏNİB

Xəbərlər
10 May 2024 16:22
3 372
Paris Yolu: Yalnız Mariya Stadnik! - YENİLƏNİB

Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə Dünya Olimpiya Təsnifat Turniri davam edir.

İdman.biz xəbər verir ki, yarışın ikinci günündə qadın güləşçilər mübarizəyə başlayıb.

Azərbaycan millisinin 5 üzvü də xalça üzərinə çıxıb. Paris-2024-ə hələ vəsiqə qazanmayan qadın millimizin lideri Mariya Stadnik iki qələbə qazanmaqla yarımfinala adlayıb. O, Olimpiadaya vəsiqə verəcək qarşılaşmaya günün ikinci yarısında çıxacaq.

Digər güləşçilərimizdən üçü təsnifat, biri 1/8 finalda uduzub. Onların rəqibləri də növbəti mərhələlərdə uduzduqlarından təmsilçilərimiz lisenziya şansını itiriblər.

Qadın güləşi
50 kq

Olimpiadaların dördqat mükafatçısı Mariya Stadnik yarışa 1/8 finaldan başlayıb. O, ilk qarşılaşmasında Menq Hsiehə (Çin Taypeyi) tam üstünlüklə (11:0) qalib gələrək 1/4 finala vəsiqə qazanıb. Stadnik bu mərhələni də tam üstünlüklə (11:0) aktivinə yazıb. O, Violetta Çiriki (AİN) məğlub edərək yarımfinala vəsiqə qazanıb. Mariya Fransa paytaxtına vəsiqə uğrunda görüşdə KXDR təmsilçisi Son Hyanq Kimlə qarşılaşacaq.

53 kq
Təsnifat mərhələsində xalçaya çıxan Gültəkin Şirinova Laura Avila (Kuba) ilə üz-üzə gəlib. Görüş rəqibin 18:8 hesablı qələbəsi ilə yekunlaşıb.

57 kq
Alyona Kolesnikin təsnifat mərhələsindəki rəqibi Ramona Qalambos (Macarıstan) olub. O, startda 1:4 hesablı məğlubiyyətə üzülüb.

62 kq
Təsnifat mərhələsindən yarışa start verən Ruzanna Məmmədova Anastasiya Qriqoryeva (Latviya) ilə güləşib. O, "tuş"la qalib gələrək 1/8 finala yüksəlib. Lakin Məmmədova bu mərhələdə çinli Jia Lonqa 1:7 hesabı ilə məğlub olub.

68 kq
Elis Manolova təsnifat mərhələsində Nikol Parradoya (Kolumbiya) 2:10 hesabı ilə uduzub.

Qeyd edək ki, Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına sərbəst güləşdə 6, yunan-Roma güləşində 5 lisenziya qazanıb.

İdman.biz

Məqalədə: