“Bu turnirdən çox böyük gözləntilərimiz var”.
Bunu İdman.bizə yunan-Roma güləşi üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Elçin Cəfərov deyib.
Təcrübəli mütəxəssis Bakıda güləş üzrə keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirindən gözləntilərini açıqlayıb. O bildirib ki, hər bir güləşçinin Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanacağına ümid edir: “Burada Avropanın 300-ə qədər güləşçisi mübarizə aparacaq. Onlardan 120-yə yaxını yunan-Roma güləşində gücünü sınayacaq. Bu növdə yığmamız hələlik iki lisenziya qazanıb və burada dörd lisenziya uğrunda yarışacağıq. Çalışacağıq ki, vəsiqələrin sayını artıraq. Bütün idmançılarımızın lisenziya qazanacağına inanıram. Çünki güləşilərimiz üçün federasiya, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi tərəfindən gözəl şərait yaradılıb, lazımı hazırlıq keçiblər. Sadəcə bu, idmandır. Falçı kimi konkret ad çəkə bilmərəm. Amma yunan-Roma güləşçilərimizdən 4 lisenziya gözləyirəm. Hər şey ol bilər. Həyəcan, stress, çəki salmaq, ev sahibliyi və s. bu kimi şərtlərin hamısı idmançıya təsir edir”.
Qeyd edək ki, Avropa Olimpiya Təsnifat Turniri Milli Gimnastika Arenasında aprelin 5-7 tarixlərində baş tutacaq.
Banuçiçək Hüseynli
İdman.biz