Güləş üzrə Avropa və dünya çempionatlarının mükafatçısı, Sidney Yay Olimpiya Oyunlarının iştirakçısı Natiq Eyvazov idman karyerasından sonra fərqli sahələrdə çalışsa da, doğma yurda qayıtmaq arzusunu reallaşdırıb. Keçmiş güləşçi hazırda həyatını Füzulidə davam etdirir.
İdman.Biz xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Natiq Eyvazov 1990-cı illərdə Azərbaycan millisinin heyətində çıxış edib. O, 1993-cü ildə Avropa çempionu olub, 1994-cü ildə dünya çempionatında gümüş medal qazanıb. Güləşçi 1998-ci ildə Avropa çempionatında gümüş, həmin il keçirilən digər qitə birinciliyində isə bürünc medala sahib çıxıb. O, 2000-ci ildə Sidneydə keçirilən Yay Olimpiya Oyunlarında da iştirak edib.
İdman karyerasından sonra polis və gömrük orqanlarında çalışan Eyvazov polkovnik-leytenant rütbəsinədək yüksəlib.
Doğma yurda qayıtmaq arzusu gerçəkləşən keçmiş idmançı dövlət tərəfindən yeni Füzulidə mənzillə təmin olunub. O, 2024-cü ilin aprelindən şəhərdə yaşayır. Natiq Eyvazov 55 illik yubileyini doğma torpaqda nəvəsi Alparslanla birlikdə qeyd etməsini həyatının ən yaddaqalan hadisələrindən biri hesab edir.
Keçmiş güləşçi gələcəkdə Füzulidə gənc nəslin sağlam və vətənpərvər ruhda yetişməsinə töhfə vermək niyyətindədir. O, burada yetişəcək idmançıların beynəlxalq arenalarda Azərbaycan bayrağını yüksəklərə qaldıracağına inanır.



