Həsən Əliyev: "Hədəfimiz 6 çəki dərəcəsində də lisenziya qazanmaqdır"

Xəbərlər
15 Fevral 2024 22:41
176
Həsən Əliyev: "Hədəfimiz 6 çəki dərəcəsində də lisenziya qazanmaqdır"

“Gördüyümüz işlər nəticələrimizi ildən-ilə daha da yaxşılaşdırır”.

Bunu İdman.bizə Azərbaycanın yunan-Roma güləşi üzrə millisinin məşqçisi Həsən Əliyev deyib.

O, Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında komandasının tarixi nəticə qazanmasına münasibət bildirib.

Gənc mütəxəssisin sözlərinə görə, yığmanın nəticəsi bundan da yaxşı ola bilərdi: “Sənan Süleymanovun (77 kq) belində zədəsi olmasaydı, ondan da yüksək nəticə gözləyirdik. Rəşad Məmmədov (55 kq), Ülvi Qənizadə (72 kq) finalda xırda səhvlər etdilər. Əgər bu olmasaydı, çempion adını qazanacaqdılar. Ancaq ümumilikdə isə komandamızın qazandığı nəticə çox böyükdür”.

Əliyev Paris-2024 Yay Olimpiya Oyunlarına hələlik iki lisenziya əldə etsələr də, daha dörd vəsiqənin qazanılmasının lazım olduğunu deyib: “Düşünürəm ki, güləşçilərimiz lazım olan lisenziyanı apreldə Bakıda keçiriləcək Olimpiya Təsnifat Turnirində əldə edə biləcəklər. Əsas hədəfimiz 6 çəki dərəcəsində də vəsiqədir”.

O, böyük ümid bəslədiyi idmançıların onun gözlətisini tamamilə doğrultduğunu bildirib: “Mənim üçün Rəşad Məmmədov (55 kq) yeni bir nəfəsdir. Onun olması bizi sevindirir ki, artıq bu çəkidə dünya çempionumuz Eldəniz Əzizlinin əvəzləyicisi var. Bizim də işimiz odur ki, hər bir çəkidə ikinci güləşçi yetişdirə bilək”.

Qeyd edək ki, 3 qızıl, 2 gümüş və 1 bürünc medal əldə edən yığmamız medalların əyarına görə, Avropa çempionatlarında ən yaxşı nəticəsinə imza atıb.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: