Azərbaycan güləş üzrə U-20 dünya çempionatını doqquz medalla başa vurub. Bunlardan beşini, o cümlədən yeganə “qızıl” ölkəmizə yunan-Roma güləşçiləri qazandırıb. Yunan-Roma güləşi üzrə U20 milli komandanın böyük məşqçisi Turac Hüseynli yetirmələrinin çıxışını dəyərləndirib.
İdman.Biz-ə müsahibəsində Turac Hüseynli onu təəccübləndirən güləşçi, komanda hesabında uğursuzluq və yunan-Roma güləşində gənc nəslin perspektivlərindən danışıb.
- Azərbaycan yığmasının dünya çempionatındakı çıxışını necə qiymətləndirirsiniz?
- Qiymətləndirmə nəticəyə və kiçik proqresslərə görə mümkündür. Ötən il bir dəst medal qazanmışdıqsa, bu dəfə iki bürünc medal daha çox qazanmışıq. Ancaq 2025-ci ildə komanda hesabında üçüncü yeri tutmuşduqsa, bu il beşinci pillədə qərarlaşdıq. Komanda hesabında geriləmə, medal sayında və əyarında isə irəliləmə müşahidə olunur.
Bizim əsas hədəfimiz hər bir idmançımızın maksimum yüksək nəticə qazana bilməsidi. Bunu bacara bilsəydik, komanda hesabında da ilk üçlükdə yer ala bilərdik. Bu nəticə göstərə bilməməyimizin əsas səbəbi medal qazana bilmədiyimiz beş çəkidə xal qazanmamağımız oldu. Biz beş medalla beşinci yeri tutduq. Özbəkistan komandası isə dörd medalla üçüncü oldu. Onlar medalsız qaldıqları çəkilərdə komandaya xal qazandırıblar.
- İdmançılar arasında sizi məyus edən və ya əksinə, təəccübləndirən kim oldu?
- Əlbəttə, idmanda emosiyalar çox vacibdir. Ancaq biz yarışlara soyuqqanlı və nəticələr prizmasından yanaşmalıyıq. Tural Əhmədov (63 kq) 1/4 finalda hesabda öndə olduğu halda, son dəqiqədə etdiyi texniki səhv nəticəsində məğlub oldu. Həmin görüşdə qalib gəlsəydi, çempion olmaq şansı kifayət qədər yüksək idi. Onu məğlub edən güləşçi sonda dünya çempionu oldu.
Murad Əliyev (67 kq) 6:0 hesabı ilə öndə olduğu halda, mübarizə zamanı çox qarışıq vəziyyətlər yarandı. Nəticədə onun əli istəmədən rəqib idmançının geyiminə ilişdi və həmin epizodda rəqibə texniki xal verildi. Bunun nəticəsində idmançımız məğlub oldu. Elmin Əliyevin (82 kq) yarımfinaldakı məğlubiyyətində 50 faiz hakimlərin mübahisəli qərarlarının, 50 faiz isə idmançımızın tələskənliyinin təsiri olduğunu düşünürəm. Orxan Hacıyev (87 kq) hesabda öndə olduğu halda körpü vəziyyətinə düşdü və həmin vəziyyətdən çıxa bilmədi.
Məni təəccübləndirən deməzdim, amma qısa müddətdə böyük uğur qazanan idmançımızı xüsusi qeyd etmək istərdim. Emin Cavadlı (55 kq) U20 Azərbaycan çempionatına iki ay qalmış hərbi xidmətdən qayıtmışdı. O, bir il altı ay hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan iki ay sonra Azərbaycan birinciliyində iştirak edərək çempion oldu. Daha sonra Avropa və dünya çempionatına hazırlıq prosesində böyük səylə çalışdı. Nəticədə bu il Avropa çempionatında qızıl, dünya çempionatında isə bürünc medal qazandı. Bu nəticə bizim üçün çox sevindirici oldu.
- Cavidan Nehmətovun final görüşündə ilk xal prinsipinə əsasən məğlub oldu. “Qızıl”ı, özü də belə hesabla əldən verməsini görmək nə dərəcədə üzücü oldu?
- Cavidan Nehmətov (77 kq) builki yarışlara qədər cəmi bir dəfə U17 Avropa çempionatında iştirak etmiş və medal qazana bilməmişdi. O, bu yarışda finala qədər dörd görüşdə inamlı mübarizə apararaq titullu rəqiblərini məğlub etdi və finala yüksəlməyi bacardı. Finalda qarşılaşdığı rəqib isə çox təcrübəli idmançı idi. Bu rəqibə qarşı mübarizədə kiçik çatışmazlıqlar sözünü dedi. Bəzən güləşdə çox kiçik bir nüans mübarizənin taleyini həll edir və böyük fərq yaradır. Rəqib ilk xal prinsipinə əsasən (1:1) qalib oldu. Cavidan sonadək mübarizə apardı. Avropa çempionatında bu rəqibə 0:4 hesabıyla məğlub olmuşdu. Sonadək apardığı mübarizəsini və ilk xal prinsipinə görə məğlub olduğunu nəzərə alsaq, Cavidanın çıxışını müsbət və uğurlu dəyərləndirmək olar.
- Hazırda yığmada böyüklər arasında dünya və Avropa çempionatlarında yüksək nəticələr göstərə biləcək güləşçilər çoxdurmu?
- Bizim əsas iş prinsiplərimizdən biri idmançılarımızı mərhələli şəkildə inkişaf etdirməkdir. U-20 yaş qrupunda medal qazanmaq üçün idmançıların normadan artıq çəki salmalarına icazə verməmək, onların düzgün inkişafını təmin etmək əsas məqsədlərimizdəndir. İstəyirik ki, gənclər sabah böyüklər yaş qrupuna keçdikdə hazırlıqlarını düzgün şəkildə davam etdirərək həmin yaş qrupunda da uğurlu çıxış edə bilsinlər. Biz idmançılarımızın psixoloji hazırlığına da xüsusi diqqət yetiririk. Onların içərisində böyüklər yaş qrupunda uğurlu çıxış edə biləcək potensiala malik güləşçilərimiz var. Amma bu idmançıların sayı barədə indidən fikir söyləmək istəmirəm. Ümid edirəm ki, bu güləşçilər öz üzərlərində işləyərək, əzmlə məşq edərək böyüklər yaş qrupunda daha uğurlu çıxış etməyi bacaracaqlar.
- Bu yaxınlarda U-17 dünya çempionatı da keçirildi və nəticələr bir çoxlarını məyus etdi. Yunan-Roma güləşində qızıl medal qazanılmadı. Tezliklə sizin rəhbərliyiniz altında çıxış edəcək bu idmançılar barədə nə deyə bilərsiniz?
- Düşünmürəm ki, nəticəmiz zəif oldu. Dünya çempionatında komanda hesabında üçüncü olmaq uğurlu nəticə sayılır. Düzdür, qızıl medal gözləntisi reallaşmadı. Ancaq bizim U-17 yaş qrupunda hədəfimiz nəticədən daha çox idmançıların düzgün inkişafını təmin etmək, çəki məsələsini tənzimləmək və onların mental sağlamlığını qorumaqdır.
