Bakıda təşkil olunan Qazaq güləşi üzrə dünya çempionatına yekun vurulub.
İdman.Biz xəbər verir ki, avqustun 22-23-də Bakı İdman Sarayında keçirilən yarışda Azərbaycan təmsilçiləri ümumilikdə beş medal qazanıblar. Millimizin aktivində iki qızıl və üç bürünc mükafat olub. Dünya çempionatında kişilər və qadınlar arasında ümumilikdə 16 çəki dərəcəsində qaliblər müəyyənləşdirilib.
Azərbaycanın iki dünya çempionundan biri qadınların 70 kq çəki dərəcəsində mübarizə aparan Günel Həsənli olub. O, bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Kişilərin 100 kq çəki dərəcəsində isə Tuncay Şamil dünya çempionu adını qazanıb və millimizin aktivinə daha bir qızıl medal əlavə edib.
Azərbaycan təmsilçilərindən Məhəmməd Məmmədzadə +100 kq, Diana Şoranova 77 kq, Leyla Atayeva isə 60 kq çəki dərəcəsində bürünc medala sahib çıxıblar.
Beləliklə, Azərbaycan yığması Qazaq güləşi üzrə dünya çempionatını 2 qızıl və 3 bürünc olmaqla 5 medalla tamamlayıb.
Komanda hesabında Qazaxıstan birinci yeri tutub. Gürcüstan ikinci, Azərbaycan isə üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan mundialda 8 kişi və 8 qadın olmaqla ümumilikdə 16 idmançı ilə təmsil olunub.
