Azərbaycan güləşçilərinin bir final, iki bürünc şansı

22 May 2026 15:07
144
Azərbaycan güləşçilərinin bir final, iki bürünc şansı

Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa güləş çempionatında Azərbaycanın yunan-Roma və qadın güləşçiləri uğurlu nəticələrlə diqqət çəkiblər. Yarış 20-24 may tarixlərini əhatə edir və Azərbaycan üç güləş növündə təmsil olunur.

İdman.Biz xəbər verir ki, yunan-Roma güləşi üzrə 85 kq çəki dərəcəsində çıxış edən Fikrət Baxşəliyev təsəlliverici görüşdə xorvatiyalı Stefan Çavriçə 9:0 hesabı ilə tam üstünlüklə qalib gəlib. Bu nəticədən sonra Azərbaycan təmsilçisi bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb.

Qadın güləşi üzrə 46 kq-da mübarizə aparan Mədinə Kərimova da təsəlliverici mərhələni uğurla keçib. O, rusiyalı Şanka Malçinovaya 5:2 hesabı ilə qalib gələrək bürünc medal şansını qoruyub.

Qadın güləşi üzrə 33 kq çəki dərəcəsində isə Ülviyyə Musayeva finala yüksəlib. Azərbaycan güləşçisi yarımfinalda ukraynalı Viktoriya Pervaçuka “tuş”la qalib gələrək qızıl medal uğrunda görüşə vəsiqə qazanıb.

Beləliklə, Azərbaycan yığması çempionatın həlledici mərhələsində bir qızıl və iki bürünc medal uğrunda mübarizə aparacaq.

İdman.Biz