Güləş üzrə 2026-cı il dünya çempionatı Bəhreyndə əvvəlcədən planlaşdırılan tarixdə keçirilməyəcək.
İdman.Biz xəbər verir ki, Dünya Güləş Birliyi (UWW) Bəhreyn Olimpiya Komitəsi və Bəhreyn Güləş Federasiyası ilə birgə yarışın təxirə salındığını açıqlayıb. Turnir 24 oktyabr - 1 noyabr tarixlərində Bəhreyndə təşkil olunmalı idi.
Qərara regiondakı geosiyasi vəziyyət, Körfəz bölgəsi ətrafında davam edən qeyri-müəyyənlik, regional sabitlik və beynəlxalq səfərlərlə bağlı risklər səbəb olub. UWW bildirib ki, idmançıların, rəsmi şəxslərin, nümayəndə heyətlərinin, tərəfdaşların və azarkeşlərin təhlükəsizliyi əsas prioritetdir.
Açıqlamada qeyd olunur ki, qərarın hazırlığın son mərhələsində yox, əvvəlcədən verilməsi daha məsuliyyətli addımdır. Bu, 2026-cı il üçün mümkün yeni ev sahibi ölkənin müəyyənləşdirilməsinə və yarışın peşəkar şəkildə hazırlanmasına imkan yaradacaq.
UWW əlavə edib ki, gələcək tarixlər və ev sahibliyi ilə bağlı yeniliklər daha sonra açıqlanacaq.
