Elmin Əliyev Avropanın ən güclüsü oldu: Serbiyada üçüncü qızıl medal - YENİLƏNİB

15 Mart 2026 23:12
346
Elmin Əliyev Avropanın ən güclüsü oldu: Serbiyada üçüncü qızıl medal - YENİLƏNİB

Azərbaycan güləşçiləri Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında uğurlu çıxışlarını davam etdirirlər.

İdman.Biz xəbər verir ki, yunan-Roma güləşçimiz Elmin Əliyev (82 kq) bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Həlledici final qarşılaşmasında Elmin Əliyev Gürcüstan idmançısı Tornike Mikeladze ilə üz-üzə gəlib. Gərgin keçən görüş güləşçimizin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, daha əvvəl sərbəst güləşçi Ali Tsokayev (92 kq) və qadın güləşçimiz Günay Qurbanova (59 kq) da qitə birinciliyinin qızıl medallarına sahib çıxmışdılar.

Ümumilikdə isə Azərbaycan güləşçiləri Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında 16 medal qazanıblar. Sərbəs güləşçiləri yarışı səkkiz, yunan-Roma güləşçiləri beş, qadınlar isə üç medalla başa vurublar.

Ali Tsokayev (92 kq), Günay Qurbanova (59 kq) və Elmin Əliyev (82 kq) Avropa çempionu olublar. Gültəkin Şirinova, Fərid Sadıxlı (hər ikisi 55 kq), Vasif Bağırov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Ruzanna Məmmədova (62 kq), Səbuhi Əmiraslanov (79) və Yusif Dursunov (125 kq) gümüş medala sahib çıxıblar. İlkin Qurbanov (63 kq), Musa Ağayev (65 kq), Fərid Xəlilov (67), Ramik Heybətov (70 kq), Fərahim Mustafayev (72 kq) və Zəfər Əliyev (97 kq) isə bürünc medal əldə ediblər.

22:10

Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşçiləri növbəti görüşlərinə çıxıblar. Yarışın son günündə idmançılarımız iki bürünc medal qazanıblar.

İdman.Biz xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan Fərid Xəlilov bürünc medal uğrunda görüşdə Macarıstan təmsilçisi Petro Jitovozla qarşılaşıb. Rəqibinə 6:3 hesabı ilə qalib gələn güləşçimiz Avropa çempionatının bürünc mükafatçısı olub.

72 kq çəki dərəcəsində yarışan Fəraim Mustafayev təsəlliverici görüşdə Ukrayna idmançısı Dmitro Vasilyevlə üz-üzə gəlib. Rəqibini 4:2 hesabı ilə məğlub edən Fəraim bürünc medal uğrunda həlledici qarşılaşmaya vəsiqə qazanıb. Bu mərhələdə isə rumıniyalı Leonard Yuraskuya 5:4 hesabıyla qalib gələrək U23 Avropa çempionatında bürünc medal qazanıb.

60 kq çəkidə çıxış edən Ayxan Cavadov isə bürünc medal görüşündə digər bir Ukrayna təmsilçisi Yevgeni Pokovbaya 1:3 hesabı ilə məğlub olaraq yarışı beşinci pillədə başa vurub.

09:37

Serbiyanın Zrenyanin şəhərində yunan-Roma güləşi üzrə keçirilən U-23 Avropa çempionatı başa çatmaq üzrədir. Yarışın sonuncu günündə Azərbaycan yığmasının daha dörd üzvü xalça üzərinə çıxaraq mükafatlar üçün yarışacaq.

İdman.Biz xəbər verir ki, turnirin bu gün Elmin Əliyev (82 kq) çempionluq üçün həlledici görüşə qatılacaq. O, finalda gürcüstanlı rəqibi Tornike Mikeladze ilə qarşılaşacaq.

Daha iki təmsilçimiz - Ayxan Cavadov (60 kq) və Fərid Xəlilov (67 kq) bürünc medal uğrunda mübarizə aparacaqlar. Fərahim Mustafayev (72 kq) isə təsəlliverici görüşdə qüvvəsini sınayacaq.

Xatırladaq ki, Azərbaycan güləşçiləri bu çempionatda artıq 13 medal qazanmağı bacarıblar. Komandamızın heyətində Günay Qurbanova (59 kq) və Ali Tsokayev (92 kq) qızıl medal qazanaraq Avropa çempionu adını qazanıblar. Fərid Sadıxlı (55 kq), Gültəkin Şirinova (55 kq), Vasif Bağırov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Ruzanna Məmmədova (62 kq), Səbuhi Əmiraslanov (79 kq) və Yusif Dursunov (125 kq) yarışı gümüş mükafatla başa vurublar. İlkin Qurbanov (63 kq), Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq) və Zəfər Əliyev (97 kq) isə bürünc medalla kifayətləniblər.

İdman.Biz