Azərbaycan Güləş Federasiyasında qalmaqal: Hakim komitə sədrini qərəzdə ittiham etdi - EKSKLÜZİV DETALLAR İDMAN.BİZ-də + VİDEO

9 Mart 2026 16:07
220
Azərbaycan Güləş Federasiyasında qalmaqal: Hakim komitə sədrini qərəzdə ittiham etdi -  EKSKLÜZİV DETALLAR İDMAN.BİZ-də + VİDEO

Azərbaycan Güləş Federasiyasının (AGF) hakimlər korpusunda ciddi münaqişə yaranıb.

İdman.Biz xəbər verir ki, respublika dərəcəli hakim Əfqan Həbibov Hakimlər Komitəsinin sədri Asif Şirəliyevi səriştəsizlikdə və onu əsassız şəkildə yarışlardan kənarlaşdırmaqda ittiham edib.

Əfqan Həbibov bildirib ki, may ayında beynəlxalq hakim kateqoriyası almağı planlaşdırsa da, yanvar ayından etibarən ölkə çempionatı və digər turnirlərə hakimlik etməsinə icazə verilmir. Onun sözlərinə görə, bu qərarın arxasında Asif Şirəliyev dayanır və məsələ ilə bağlı izahat vermir. Hakim iddia edib ki, komitə sədri onunla bağlı “Əfqanı hakimlər siyahısından silmişəm” ifadəsini işlədib.

“Bunu belə qoymayacağam. Hətta qərar dəyişsə belə, mənə beynəlxalq hakim olmaq imkanı verilməyəcək. Çünki ədalət və səriştə bu insanla uyğun gəlmir. Bir çox hakim bunu bilir, amma işini itirmək qorxusundan susur. Mən isə sona qədər gedəcəyəm”, - deyə Əfqan Həbibov vurğulayıb.

Məsələ ilə bağlı İdman.Biz-in sorğusuna cavab verən Hakimlər Komitəsinin sədri Asif Şirəliyev isə tam fərqli mövqe səsləndirib. Onun sözlərinə görə, Əfqan Həbibovun yarışlardan kənarlaşdırılmasının yeganə səbəbi hakimlik fəaliyyətini məşqçiliklə paralel aparmasıdır.

Şirəliyev bildirib ki, Əfqan Həbibovun “Səfəvi” adlı klubu var və o, onlarla uşağa məşq keçir:

“Məşqçi hakim ola bilməz. Əgər bir məşqçi potensial rəqiblərin görüşünü idarə edirsə, obyektivlikdən danışmaq çətindir. O, şagirdinə zəif rəqib düşməsi üçün hər şeyi edə bilər. Bu səbəbdən federasiya rəhbərliyinin razılığı ilə belə halların qarşısını almışıq”.

Komitə sədri əlavə edib ki, yeni qaydalar bütün hakimlərə şamil olunur:

“Artıq seçim etməlidirlər - ya məşqçi, ya da hakim. Xüsusilə uşaq və yeniyetmə yarışlarında belə hallara yol verilməyəcək. Bu proses əvvəlcə regional və respublika səviyyəli hakimlərdən başlayıb, gələcəkdə beynəlxalq kateqoriyalı hakimlərə də şamil ediləcək”.

İdman.Biz