Azərbaycanlı idmançı, 23 yaşadək qızlar arasında güləş üzrə dünya və Avropa çempionu Jalə Əliyeva böyüklər səviyyəsində də böyük uğurlar qazanmaq niyyətində olduğunu bildirib.
İdman.Biz xəbər verir ki, idmançı öz fikirlərini Azərbaycan Güləş Federasiyasının 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə hazırladığı videomaterialda bölüşüb.
Əliyeva karyerasının başlanğıcı, qarşılaşdığı çətinliklər, həmçinin idmandakı ən parlaq anları haqqında danışıb.
“2022-ci ildə 23 yaşadək idmançılar arasında Avropa çempionu oldum. Bu turnir mənə böyük motivasiya verdi. Qarşıma dünya çempionu olmaq məqsədi qoydum. 2024-cü ildə U-23 dünya çempionatının qalibi olanda artıq bütün çətinlikləri və zədələri xatırlamırdım. Həmin an özümü göylərin yeddinci qatında hiss edirdim. Bayraq dalğalananda və himn səslənəndə çox xoşbəxt idim”, - deyə Əliyeva qeyd edib.
Əliyevanın sözlərinə görə, o, əldə etdikləri ilə kifayətlənmək niyyətində deyil:
“Böyüklər arasında Avropa və dünya çempionu, həmçinin Olimpiya çempionu olmaq istəyirəm. Gələcək nəsil üçün nümunə olmaq istəyirəm. Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etmək üçün əlimdən gələni edəcəyəm”.
