Rafiq Hüseynov: “Gənclərə örnək olmaq əsas qayəmdir” - VİDEO

Xəbərlər
18 Dekabr 2023 14:46
189
Rafiq Hüseynov: “Gənclərə örnək olmaq əsas qayəmdir” - VİDEO

“Bizi İsveçin “AİK Brotnik” klubu təlim-məşq toplanışına dəvət etmişdi. Buna baxmayaraq, ölkənin bütün komandası bizimlə birlikdə hazırlıq keçdi”.

Bunu İdman.bizə Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (82 kq) deyib.

Yığmamızın 3 pəhləvanı İsveçin paytaxtı Stokholmda təlim-məşq toplanışında iştirak edib. Məşqçi Kamran Məmmədovun rəhbərliyi altında Rafiq Hüseynov, Qurban Qurbanov və Əsgər Əlizadə hazırlıq keçiblər.

Olimpiya Oyunlarının bürünc mükafatçısı bildirib ki, təlim-məşqlər olduqca faydalı alınıb: “Təlim-məşq toplanışının sonunda yoxlama görüşləri oldu. Sınaq qarşılaşmaları Azərbaycan çempionatına hazırlaşan komanda yoldaşlarım faydalı idi. Mənim üçün də dünya çempionatından sonra ilk hazırlıq əla alındı. Orda gənc və yeniyetmə idmançılar üçün master-klass da təşkil edildi. Uşaqların xoşuna gəldi. Hər şey yüksək şəkildə təşkil olunmuşdu”.

Son dünya çempionatının qalibi sosial mediada ən çox izləyicisi olan yunan-Roma güləşçiləri arasında ilk “onluq”da yer almasına da münasibət bildirib: “Sosial şəbəkələrdə izlənmə haqqında heç vaxt düşünməmişəm. Mənim üçün maraqlı olan bacardığım qədər öz həyat tərzimi təşviq etməkdir. Çalışıram ki, gənc nəslə düz yolu göstərim. Gənclərə örnək olmaq əsas qayəmdir”.

Qeyd edək ki, İsveçdə keçirilən təlim-məşq toplantısı dekabrın 11-dən 17-ə qədər davam edib.

Emin Ağa
İdman.biz