Dördqat dünya çempionu İbrahim Yusubov (90 kq) çimərlik güləşi üzrə karyerasını yekunlaşdırıb.
İdman.Biz xəbər verir ki, idmançı bu barədə Bakıdakı qarşılanma mərasimində jurnalistlərə məlumat verib.
O bildirib ki, Misirin İsgəndəriyyə şəhərində keçirilən Dünya Seriyasının final mərhələsi onun karyerasındakı sonuncu yarış olub: “Bu, dördüncü dəfə dünya çempionu olduğum turnir idi. Yarış yüksək səviyyədə təşkil olunmuşdu və biz buna tam hazır idik. Məqsədimiz bayrağımızı yüksəltmək və himnimizi səsləndirmək idi, buna nail olduq. Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə və məşqçilərimizə təşəkkür edirəm”.
İbrahim Yusubov karyerasını başa vurması ilə bağlı bunları bildirib: “Baş məşqçi ilə birgə bu qərarı qəbul etdik. İdmandan qələbə ilə ayrılmaq daha düzgün seçimdir. Gələcəkdə məşqçi kimi fəaliyyət göstərə bilərəm və Federasiya rəhbərliyi etimad göstərsə, bu sahədə çalışacağam”.
Qeyd edək ki, Azərbaycan təmsilçiləri yarışda 2 qızıl, 1 bürünc medal qazanıblar. İbrahim Yusubov (90 kq) və Vüsal Əliyev (80 kq) qızıl, Sahib Dadaşov (80 kq) isə bürünc mükafata sahib çıxıb.