"Tvente"nin heyətində Hollandiya çempionu olan Ronni Stam narkotik alveri və çirkli pulların yuyulması ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.
İdman.biz xəbər verir ki, Breda məhkəməsi keçmiş futbolçunu kokain alverində təqsirli bilib.
Stam 2024-cü ilin iyununda həbs edilib. 41 yaşlı futbolçu və 43 yaşlı qardaşı Rudi sındırılmış messencer vasitəsilə cinayətkarlar arasında deşifrə olunmuş yazışmaları sayəsində polisin diqqətinə düşüb.
Məhkəmə müəyyən edib ki, Ronni Stam Çilidən təxminən 700 kq kokainin idxalında iştirak edib və bu prosesdə “müəyyənedici və əlaqələndirici rol” oynayıb.
Rudi Stam bu iş üzrə qiyabi olaraq üç il yarım müddətinə azadlıqdan məhrum edilib. Onun Dubayda olduğu güman edilir. O, ötən il isə oxşar cinayətlərə görə artıq 4,5 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan əlavə, qardaşlar cinayət əməllərindən əldə edilən 1,7 milyon avronu dövlətə qaytarmalı və 30 min avro cərimə ödəməlidirlər.
İdman.biz