Şotlandiyada irqçilikdə ittiham olunan futbol azarkeşi həbs edildi

29 Noyabr 2026 23:55
42
Şotlandiyada irqçilikdə ittiham olunan futbol azarkeşi həbs edildi

Şotlandiya Premyer Liqasında “Harts” və “Seltik” futbol komandaları arasında keçirilən qarşılaşmada irqçilik qalmaqalı yaşanıb.

İdman.Biz BBC-yə istinadən xəbər verir ki, ikinci hissənin ortalarında “Seltik”in cənubi koreyalı hücumçusu Yan Hyon Cun baş hakimə müraciət etdikdən sonra oyun müvəqqəti dayandırılıb.

Meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmadan sonra “Harts” rəhbərliyi hadisə ilə bağlı açıqlama yayıb:

“Azarkeşimizlə “Seltik”in futbolçusu arasında baş verən hadisədən və irqçilik iddiasından xəbərdarıq. Azarkeşin şəxsiyyəti müəyyənləşdirilib və o, həbs edilib. Klub araşdırmanın aparılmasında Şotlandiya polisi ilə əməkdaşlığı davam etdirəcək”.

Klub nümayəndəsi irqçiliyin və hər cür təhqirin qəti şəkildə pisləndiyini, bu cür əməllərdə təqsirli bilinən şəxslərə qarşı ən sərt tədbirlərin görüləcəyini vurğulayıb.

Şotlandiya polisinin məlumatına görə, 36 yaşlı kişi nifrət zəminində cinayət törətməkdə ittiham olunaraq həbs edilib. Onun yaxın vaxtlarda Edinburq Şerif Məhkəməsi qarşısına çıxarılacağı bildirilib.

İdman.Biz