“Bavariya” rəsmisi Musialanın maaşının azaldıla biləcəyini istisna etmədi

21 Noyabr 2026 12:41
51
“Bavariya” rəsmisi Musialanın maaşının azaldıla biləcəyini istisna etmədi

Almaniyanın “Bavariya” klubunun Müşahidə Şurasının üzvü Karl-Haynts Rummenigge komandanın futbolçusu Camal Musialanın gələcəyi ilə bağlı açıqlama verib.

İdman.Biz xəbər verir ki, o, Münhen təmsilçisinin Bundesliqada “Köln”lə 1:1 hesablı heç-heçə etdiyi oyundan sonra “Sky” telekanalına danışıb.

Rummenigge bildirib ki, Musialanın əvvəlki oyun səviyyəsinə qayıtması çətin ola bilər. Onun sözlərinə görə, futbolçu əvvəlki formasını bərpa edə bilməsə, klub onun ailəsi, özü və menecerləri ilə müqavilə şərtlərini müzakirə etməli olacaq.

“Bildiklərimiz təəssüf ki, onun bu stadionda dəfələrlə nümayiş etdirdiyi səviyyəyə qayıtmasının çətin olacağını düşünməyə əsas verir. Belə olan halda ailəsi, futbolçunun özü və agentliyi ilə danışmaq lazımdır. Çünki həmin məbləğlər artıq əsaslandırıla bilməz”, – deyə o bildirib.

Funksioner Musialanın komandadan ayrılması ehtimalını da real hesab etmədiyini söyləyib. Onun fikrincə, hazırkı vəziyyətdə başqa klubların da futbolçunu transfer etmək istəməsi inandırıcı görünmür.

Rummenigge əlavə edib ki, klub Musialanın əvvəlki formasına qayıtmasında maraqlıdır. Lakin bu baş verməsə, maliyyə məsələləri ilə bağlı qərarlar qəbul edilməlidir.

O, futbolçunun maaşının azaldılması ilə bağlı hələlik heç bir müzakirənin aparılmadığını, bunun sadəcə mümkün variantlardan biri olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Camal Musiala “Köln”lə qarşılaşmada 70-ci dəqiqədə meydana daxil olaraq zədədən sonra yaşıl meydanlara qayıdıb. Almaniyalı futbolçu əzələ zədəsi səbəbindən bir müddət komandasına kömək edə bilməyib.

Bundan başqa, yayda Musialada qısamüddətli huş itirmə epizodları ilə müşayiət olunan nevroloji disfunksiya aşkarlanıb. “Bavariya”nın fəxri prezidenti Uli Höness də daha əvvəl futbolçunun əvvəlki formasına qayıtması ilə bağlı narahatlığını ifadə etmişdi.

Klubun idman üzrə idarə heyətinin üzvü Maks Eberl isə Musialaya dəstək olduqlarını və onun əvvəlki oyun səviyyəsini bərpa edəcəyinə inandıqlarını bildirib.

İdman.Biz