“Portu”nun futbolçusu öz qapısına qol vurdu, göz yaşlarına hakim ola bilmədi - VİDEO

21 Noyabr 2026 10:20
48
“Portu”nun futbolçusu öz qapısına qol vurdu, göz yaşlarına hakim ola bilmədi - VİDEO

Portuqaliyanın “Portu” klubunun müdafiəçisi Françisku Moura ölkə kubokunun 1/16 final mərhələsində “Paredes”lə oyunda inanılmaz avtoqola imza atıb.

İdman.Biz xəbər verir ki, qarşılaşmanın 57-ci dəqiqəsində baş verən hadisə matçın ən yaddaqalan anlarından biri olub.

Belə ki, rəqib komandanın futbolçusu Erik Santananın zərbəsindən sonra qapıçı Klaudio Ramos topu dəf edib. Top cərimə meydançası yaxınlığında Seku Fofanadan qopan mübarizədən sonra Mouranın qarşısına düşüb. Müdafiəçi heç bir təzyiq olmadan topu uzaqlaşdırmaq istəyərkən onu səhvən öz qapısına göndərib.

Bu səhvdən sonra Moura meydanda göz yaşlarına hakim ola bilməyib. Komanda yoldaşları ilə yanaşı, rəqib futbolçular da ona təsəlli veriblər. Müdafiəçi baş məşqçi Françesko Fariolidən əvəzlənməsini istəsə də, mütəxəssis buna dərhal razılıq verməyib.

Əvvəlcə Mouranı fitə basan “Portu” azarkeşləri daha sonra onu alqışlarla dəstəkləyiblər. Bir qədər sonra Jan Bednarek onun əvəzinə meydana daxil olub. Polşalı müdafiəçi həm Mouraya təsəlli verib, həm də tribunalardakı azarkeşlərdən komanda yoldaşına dəstək göstərmələrini istəyib.

Moura isə baş verənlərdən sarsılmış halda birbaşa paltardəyişmə otağına yollanıb.

Qeyd edək ki, “Portu” ilə “Paredes” arasında oyun əsas və əlavə vaxtda 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə “Portu” 3:1 hesabı ilə qalib gəlib və növbəti mərhələyə yüksəlib.

İdman.Biz