“Liverpul”un sabiq kapitanı Stiven Cerrard Maurisio Poçettinonun “Mançester Yunayted”in baş məşqçisi təyin olunmasında futbol strategiyasından kənar bir amilin də rol oynaya biləcəyini düşünür.
İdman.Biz xəbər verir ki, Cerrard “The Overlap” YouTube kanalında argentinalı mütəxəssisin bir neçə dildə danışmaq bacarığının klub rəhbərliyinin qərarına təsir göstərə biləcəyini bildirib.
“Mançester Yunayted”in əsas futbolçularına nəzər salsaq, Lisandro Martines, Brunu Fernandeş, Mateus Kunya və Amad Diallonu görə bilərik. Poçettino onlarla ispan dilində danışa bilər. İspan dili onun ana dilidir. İngiltərədə “Sauthempton”, “Tottenhem” və “Çelsi”ni çalışdırdığı müddətdə ingilis dilini də öyrənib. İtalyan kökləri var və bu dildə sərbəst danışmasa da, onu yaxşı bilir”, - Cerrard deyib.
İngiltərə millisinin sabiq yarımmüdafiəçisi hesab edir ki, Poçettinonun futbolçularla ünsiyyət qurmaq bacarığı komandanın nəticələrinə müsbət təsir göstərə bilər:
“Əgər o, bu oyunçuları yenidən ən yaxşı formalarına qaytara, futboldan həzz almalarını və yenidən gülümsəmələrini təmin edə bilsə, bu, “Mançester Yunayted”in uğurunun mühüm hissəsi olacaq”.
Cerrard argentinalı mütəxəssisin Eddi Haudan üstün tutulmasında da dil amilinin rol oynaya biləcəyini vurğulayıb:
“İspan dilində danışmaq bacarığı böyük rol oynaya bilər. Düşünürəm ki, onun bir neçə dil bilməsi Eddi Haunun əvəzinə seçilməsinin səbəblərindən biri ola bilər”.
Qeyd edək ki, Poçettino “Mançester Yunayted”in baş məşqçisi postunda Maykl Karriki əvəzləyib.
