Mbappeni irqçi ifadələrlə təhqir edən azarkeşə həbs cəzası verildi

17 Noyabr 2026 19:25
37
Mbappeni irqçi ifadələrlə təhqir edən azarkeşə həbs cəzası verildi

İspaniyada “Real Madrid”in hücumçusu Kilian Mbappeyə qarşı irqçi təhqirə yol verən azarkeş 11 ay müddətinə azadlıqdan məhrum edilib.

İdman.Biz “Real Madrid”in rəsmi saytına istinadən xəbər verir ki, Asturiya Əyalət Məhkəməsinin ikinci kollegiyası azarkeşi nifrət zəminində törədilmiş cinayətdə təqsirli bilib.

Məhkəmə təqsirləndirilən şəxsə 11 aylıq həbs cəzası ilə yanaşı, pul cəriməsi və əlavə məhdudiyyətlər tətbiq edib. Lakin onun iki il ərzində rəsmi idman yarışlarının keçirildiyi futbol stadionlarına getməməsi şərti ilə həbs cəzasının icrası təxirə salınıb.

Hadisə 2025-ci il avqustun 24-də “Real Oviedo” ilə “Real Madrid” arasında “Karlos Tartiere” stadionunda keçirilən qarşılaşmada baş verib.

Madrid klubu məhkəmə prosesində xüsusi ittihamçı qismində iştirak edib. “Real Madrid” daha əvvəl “Mestalla”, “Son Moix”, “Valyekas” və “Xose Sorrilya” stadionlarında futbolçularına qarşı irqçi təhqirlərə görə də məhkumluq hökmlərinin çıxarıldığını xatırladıb.

Klub futbolda və ümumilikdə idmanda irqçiliyə qarşı mübarizəni davam etdirəcəyini bəyan edib.

İdman.Biz