Moldovalı keçmiş futbolçu Vadim Kriçmar 38 yaşında vəfat edib.
İdman.Biz Moldova mediasına istinadən xəbər verir ki, sabiq hücumçuya bu ilin martında xərçəngin aqressiv forması diaqnozu qoyulub.
Yaz aylarında onun müalicəsinə dəstək məqsədilə yardım kampaniyası təşkil edilib. Kampaniya çərçivəsində 23 min avrodan çox vəsait toplanıb. Kriçmar İtaliyadakı klinikalardan birinə yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Keçmiş futbolçunun həyat yoldaşı Viktoriya, qızı Rianna və oğlu Raul qalıb.
Kriçmar karyerası ərzində Moldovanın “Sfıntul Qeorqe”, “Rapid”, “Sperantsa”, “Zimbru”, “Dinamo-Avto”, “Floreşti” və “Daçiya Buyukani”, Rusiyanın “SKA-Energiya” və “Tosno”, Rumıniyanın “Otselul” və “Daçiya Unirya” klublarında çıxış edib.
O, Azərbaycanda da legioner həyatı yaşayıb və 2009-2011-ci illərdə Salyanın “Muğan” klubunun formasını geyinib.
