Bakıda keçirilən dünya çempionatında penalti qalmaqal - VİDEO

31 Oktyabr 2026 01:21
107
Bakıda keçirilən dünya çempionatında penalti qalmaqal

Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatında İngiltərə və Boliviya yığmaları arasında baş tutan qarşılaşma qalmaqalla yadda qalıb. İngiltərənin 3:2 hesablı qələbəsi ilə nəticələnən oyunda son dəqiqələrdə təyin olunan penalti ciddi narazılığa səbəb olub.

İdman.Biz xəbər verir ki, səkkiz nəfərlik komandaların iştirak etdiyi və hər hissəsi 20 dəqiqə davam edən qarşılaşmada mübahisəli epizod 41-ci dəqiqədə yaşanıb.

Hesab 2:2 olarkən İngiltərə millisinin və “Vest Hem” klubunun futbolçusu Emmanuel Famokun Boliviya yığmasının oyunçusu ilə mübarizədə yerə yıxılıb. Qayda pozuntusunun cərimə meydançasından kənarda baş verdiyi görünsə də, hakim penalti təyin edib.

Bu qərar Boliviya millisinin futbolçularının kəskin etirazına səbəb olub. Onlar dərhal hakimin ətrafına toplaşıblar.

Etirazlara məşqçilər korpusunun üzvləri də qoşulublar. Məşqçilərdən biri meydana daxil olaraq qayda pozuntusunun baş verdiyi yeri göstərib. Bundan sonra hakim Boliviya yığmasının məşqçilər heyətinin bir neçə üzvünə kart göstərib.

Mübahisəli penalti epizodu qarşılaşmanın əsas hadisəsinə çevrilib. Boliviya millisinin qapıçısı zərbəni dəf etməyə cəhd göstərməyib və İngiltərə yığması 3:2 hesablı qələbə qazanıb.

İdman.Biz