La Liqanın 23-cü turunda keçirilməsi nəzərdə tutulan “Barselona” - “Atletiko” və “Real Sosyedad” - “Real Madrid” matçlarının vaxtı dəyişdiriləcək.
İdman.Biz "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, fevralın 7-nə planlaşdırılan qarşılaşmalar dekabrın ilk həftəsinə, ayın biri və ya ikisinə keçiriləcək.
Buna səbəb dörd klubun fevralın 2-dən 6-dək İstanbulda təşkil olunacaq İspaniya Superkubokunda iştirak etməsidir.
Dekabrın həmin günlərində İspaniya Kubokunun ikinci mərhələsinin oyunları keçiriləcək. Superkubok iştirakçıları bu mərhələdən azad olunduqları üçün La Liqa görüşlərini daha erkən keçirə biləcəklər.
Lakin təqvim dəyişikliyi hələ rəsmiləşməyib və klublar yeni tarixləri öz rəsmi təqvimlərinə daxil etməyiblər.
Beləliklə, “Barselona” və “Atletiko” bir aydan da az müddətdə iki dəfə üz-üzə gələ bilərlər. Komandaların ilk dövrədəki qarşılaşması noyabrın 8-də “Metropolitano” stadionunda, ikinci dövrə görüşü isə dekabrın əvvəlində “Spotify Kamp Nou”da keçiriləcək.
