Fransada davam edən kütləvi iğtişaşlar Liqa 1-in təqviminə təsir göstərə bilər. Oktyabrın 25-də keçirilməsi planlaşdırılan PSJ - “Lion” matçının təxirə salınması ehtimalı yaranıb.
İdman.Biz Reuters-ə istinadən xəbər verir ki, Paris polis prefekturası təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən Fransa Peşəkar Futbol Liqasına (LFP) qarşılaşmanın başqa tarixə keçirilməsi üçün müraciət edib.
Fransa mətbuatının məlumatına görə, görüşün oktyabrın 26-na, bazar ertəsinə keçirilməsi variantı nəzərdən keçirilir. Lakin hələlik bununla bağlı rəsmi qərar qəbul olunmayıb.
Oktyabrın 17-də Parisdə və Fransanın digər şəhərlərində baş verən kütləvi iğtişaşlar zamanı talanlar və zorakılıq halları qeydə alınıb. Hökumət yeni etiraz aksiyaları ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirməyə hazırlaşır.
Baş nazir Sebastyen Lekornü şənbə günü planlaşdırılan nümayişlər zamanı genişmiqyaslı təhlükəsizlik əməliyyatının keçiriləcəyini, polis qüvvələrinə hərbçilərin də dəstək verəcəyini açıqlayıb.
Artıq iğtişaşlar səbəbindən Liqa 1-də “Tuluza” - “Trua” matçının vaxtı dəyişdirilib. Əvvəlcə şənbə gününə nəzərdə tutulan qarşılaşma yerli hakimiyyət orqanlarının müraciəti əsasında bazar gününə keçirilib.
