“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda Dortmund “Borussiya”sına qarşı keçirdikləri oyunu dəyərləndirib.
İdman.Biz xəbər verir ki, litvalı mütəxəssis matçdan sonrakı mətbuat konfransında 1:2 hesablı məğlubiyyətə baxmayaraq, yetirmələrinin çıxışını yüksək qiymətləndirib.
Dambrauskas komandasının hücumda yaxşı təsir bağışladığını vurğulayıb:
“Rəqibin heyətində çox keyfiyyətli futbolçular var. Bəzən yaxşı oynasan da, nəticə rəqibin gücündən asılı olur. Görüş ərzində yaxşı qol imkanları yaratdıq, hücumda fəal olduq. Təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədik. Futbolçularımla fəxr edirəm. Onlar çox yaxşı oyun nümayiş etdirdilər”.
Baş məşqçi rəqib komandanı qələbə münasibətilə təbrik etdiyini bildirib:
"Borussiya", həqiqətən, güclü futbol nümayiş etdirdi. Onlar 3:1, hətta 4:1 hesablı qələbə qazana bilərdilər. Lakin biz buna imkan vermədik. Hətta qarşılaşmanın sonlarında hesabı bərabərləşdirmək üçün şanslarımız var idi. Bura Çempionlar Liqasıdır, oyunlar çox çətin keçir".
Dambrauskas məğlubiyyətin əsas səbəblərindən birinin hər iki hissəyə uğursuz başlamaları olduğunu vurğulayıb:
“Ən məyusedici məqam oyuna pis başlamağımız idi. Çempionlar Liqasında sürət və gərginlik tamamilə fərqlidir. Hər iki hissəyə pis başladıq və erkən qollar buraxdıq. Bəzi epizodlarda bəxtimiz gətirmədi. İstənilən halda, futbolçularımla fəxr edirəm. Onlar son dəqiqəyə qədər təslim olmadılar”.
Litvalı mütəxəssis komandasının taktiki planı ilə bağlı suala isə belə cavab verib:
“Görünür, oyuna tam baxmamısınız. Baxın, görəcəksiniz. Nə etməyə çalışdığımızı, necə hücum etdiyimizi və necə müdafiə olunduğumuzu başa düşəcəksiniz”.
Baş məşqçi sonradan meydana daxil olaraq qol imkanlarının yaradılmasında iştirak edən Orfe Mbinanın çıxışını da qiymətləndirib:
“Komandadakı hər kəsdən razıyam. Hamı bacardığını etdi. Futbolçular başa düşürlər ki, hər oyunda meydana çıxmaq mümkün deyil. Bizdə rəqabətə davamlı sistem var. Bəzən hansısa futbolçu daha faydalı olur. Mbina da bu gün komandaya töhfə verə bildi. Ondan çox razıyam”.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma “Borussiya”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
