Luis Enrike “Barselona”nın iki ulduzunu dayandırmağın yolunu açıqladı

20 Oktyabr 2026 07:16
95
Luis Enrike “Barselona”nın iki ulduzunu dayandırmağın yolunu açıqladı

PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının liqa mərhələsinin üçüncü turunda “Barselona” ilə keçiriləcək oyun öncəsi rəqibin güclü tərəflərindən danışıb.

İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis oyunöncəsi mətbuat konfransında Kataloniya klubunun futbolçularını zərərsizləşdirmək üçün komanda şəklində mübarizə aparmağın vacibliyini vurğulayıb.

“Barselona”nın zəif tərəfləri varmı? İdeal komanda yoxdur. Oyuna inamla hazırlaşırıq. Bilirik ki, rəqib bütün aspektlərdə daha da güclənib. Bu, bizim üçün çox vacib qarşılaşmadır”, - deyə Enrike bildirib.

Baş məşqçi Lamin Yamal və Pedrinin fərdi ustalığına da xüsusi diqqət çəkib:

“Barselona”nın heyətində kimin meydana çıxmasının fərqi yoxdur, onların hamısını tanıyırıq. Hər futbolçu oyuna özünəməxsus nəsə qatır. Start heyətini gördükdən sonra rəqibin oyununu daha ətraflı təhlil edə biləcəyik. Biz vahid kollektiv kimi hərəkət etməliyik. Yamalın driblinqini təkbaşına dayandırmaq və ya Pedrinin inanılmaz ötürmələr verməsinə mane olmaq mümkün deyil. Bunun öhdəsindən bütün komanda birlikdə gəlməlidir”.

Qeyd edək ki, PSJ – “Barselona” qarşılaşması bu gün Parisdə keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İdman.Biz