“Borussiya” rəhbəri “Sabah”ın gücünü etiraf etdi, komandasına hədəf qoydu

20 Oktyabr 2026 02:47
109
“Borussiya” rəhbəri “Sabah”ın gücünü etiraf etdi, komandasına hədəf qoydu

Dortmund “Borussiya”sının idman məsələləri üzrə icraçı direktoru Lars Rikken UEFA Çempionlar Liqasında “Sabah”la keçiriləcək oyun ərəfəsində komandasının son nəticələrindən narahatlığını ifadə edib.

İdman.Biz klubun rəsmi saytına istinadən xəbər verir ki, funksioner ardıcıl üç qarşılaşmada qələbə qazana bilməmələrinin Dortmund təmsilçisi üçün qəbuledilməz vəziyyət olduğunu vurğulayıb.

“Hazırda müəyyən qədər çətin dövr keçirdiyimizi görürük. Ardıcıl üç oyunda qalib gələ bilməməyimiz “Borussiya” üçün normal deyil. Bununla belə, mövsümün əvvəlində Bundesliqada, Almaniya Kubokunda və Çempionlar Liqasında özümüz üçün çox yaxşı vəziyyət yaratdığımızı unutmamalıyıq”, - deyə Rikken bildirib.

Klub rəhbəri “Sabah”ın güclü tərəflərini də xüsusi qeyd edib:

“Sabah” müdafiədə çox güclü komandadır və özünəinamı yüksəkdir. Çempionatda birinci yerdədirlər, Çempionlar Liqasında da qələbə qazanıblar. Buna baxmayaraq, məqsədimiz Bakıdan qələbə ilə qayıtmaq olmalıdır”.

Rikken qarşıdakı oyunlarda komandanın üzərində təzyiq olduğunu gizlətməyib:

“Əlbəttə, müəyyən təzyiq var. Amma düşünürəm ki, bunu daha çox motivasiya və üstünlük kimi qəbul etməliyik. Çünki bu, qarşımıza yüksək hədəflər qoyduğumuzu göstərir”.

Qeyd edək ki, “Sabah” - “Borussiya” qarşılaşması bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 20:45-də başlayacaq.

İdman.Biz