Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) portuqaliyalı ulduz Kriştianu Ronaldunun çıxış etdiyi “Əl-Nəsr” klubunun səhmlərinin nəzarət paketini satmaq imkanını nəzərdən keçirir.
İdman.Biz “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, potensial alıcı İtaliyanın “Milan” klubunun sahibi olan Amerikanın "RedBird Capital" şirkətinin rəhbərlik etdiyi investorlar qrupudur.
Məlumata görə, "RedBird" nümayəndələri artıq PIF rəhbərliyi ilə iki görüş keçiriblər. Danışıqlar zamanı Səudiyyə Ərəbistanı klubunun səhmlərinin 70 faizinin alınması müzakirə olunub. Səhm paketinin təxmini dəyəri 230 milyon dollar (təxminən 391 milyon manat) təşkil edir.
Xüsusi maraq doğuran məqamlardan biri Ronaldunun özünün də yeni mülkiyyət strukturunda mümkün iştirakıdır. Məlumata görə, 41 yaşlı portuqaliyalı “Əl-Nəsr”in səhmlərinin 20 faizini əldə edərək klubun ortaq sahiblərindən birinə çevrilə bilər.
Mümkün satışın səbəblərindən biri klubun maliyyə vəziyyətidir. İtaliya nəşrinin məlumatına əsasən, “Əl-Nəsr”in borcu təxminən 190 milyon avroya (təxminən 375 milyon manat) çatır. PIF yeni kommersiya sponsorlarının cəlb edilməsi hesabına da komandanın iqtisadi göstəricilərini yaxşılaşdırmağa ümid edir.
Sövdələşmənin digər potensial iştirakçıları arasında Səudiyyə Ərəbistanının "Saudi Media Company" şirkətinin də adı çəkilir.
Bununla belə, PIF, "RedBird Capital" və “Əl-Nəsr” rəhbərliyi hələlik rəsmi açıqlama verməyib. KİV-in məlumatına görə, danışıqlar davam edir.
