Türkiyənin “Qalatasaray” futbol komandası qış transfer pəncərəsində İsveçrənin “Sion” klubunun hücumçusu Uinsli Botelini heyətinə qatmaq niyyətindədir.
İdman.Biz “Fanatik” nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 20 yaşlı futbolçunu yenidən transfer siyahısına daxil edib.
“Qalatasaray” yay transfer dövründə də Botelini heyətinə qatmağa çalışıb. Lakin danışıqlar müsbət nəticələnməyib və hücumçu “Sion”da qalıb.
Ötən mövsüm İsveçrə klubunun heyətində 38 oyuna çıxaraq 11 qol vuran futbolçu yeni mövsümdə daha məhsuldar çıxışı ilə diqqət çəkir. Boteli indiyədək keçirdiyi 16 qarşılaşmada 13 qol və beş məhsuldar ötürmə ilə yadda qalıb.
Gənc hücumçunun bazar dəyərində də ciddi artım qeydə alınıb. “Qalatasaray”ın maraq dairəsinə düşdüyü vaxt beş milyon avro qiymətləndirilən futbolçunun dəyəri “Transfermarkt”ın son yeniləməsinə əsasən 15 milyon avroya yüksəlib.
Bununla belə, transferin qarşısında əsas maneə İstanbul klubunun gənc əcnəbi futbolçular üçün nəzərdə tutulan kvotasının dolu olmasıdır.
Məlumata görə, “Qalatasaray” Botelinin transferi istiqamətində konkret addım atmazdan əvvəl Lesli Uqoçukvu və El Şaday Bitsşiyabu ilə yollarını ayırmağı planlaşdırır.
