FIFA-da İnfantino qalmaqalı: 1,3 milyon funt-sterlinqlik ödənişə görə izahat tələb olunacaq

13 Oktyabr 2026 23:08
100
FIFA-da İnfantino qalmaqalı: 1,3 milyon funt-sterlinqlik ödənişə görə izahat tələb olunacaq

FIFA prezidenti Canni İnfantinonun 2024-cü ildə təşkilatın törəmə şirkətlərindən birindən aldığı 1,3 milyon funt-sterlinq (təxminən 1,5 milyon avro) məbləğində ödəniş müzakirələrə səbəb olub. Sözügedən məbləğin FIFA-nın illik maliyyə hesabatında əksini tapmadığı bildirilir.

İdman.Biz “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, oktyabrın 15-də keçiriləcək FIFA Şurasının iclasında üzvlər bu ödənişlə bağlı İnfantinodan izahat tələb etməyi planlaşdırırlar. Şuradakı mənbələrin sözlərinə görə, prezidentin “ikinci maaşı” məsələsi iclasda mütləq gündəmə gətiriləcək.

Daha əvvəl “The Times” ABŞ Daxili Gəlirlər Xidmətinin (IRS) sənədlərinə istinadən 2026-cı il dünya çempionatının təşkilinə cavabdeh olan FWC2026 şirkətinin İnfantinoya 1,76 milyon dollar (1,3 milyon funt-sterlinq) ödədiyini yazıb.

Bununla yanaşı, FIFA-nın 2024-cü il üzrə maliyyə hesabatında İnfantinoya ödənilən ümumi kompensasiyanın 4,27 milyon İsveçrə frankı (3,88 milyon funt-sterlinq) təşkil etdiyi göstərilib.

FIFA isə hər hansı qanun pozuntusuna yol verildiyini rədd edir. Təşkilat prezidentə “ikinci maaş” ödənilmədiyini və bütün maliyyə məlumatlarının müvafiq qaydalara uyğun açıqlanmasını bəyan edib.

“FIFA prezidentə ikinci maaş ödəmir və kompensasiyalarla bağlı bütün açıqlama tələblərinə əməl edir. FIFA prezidentinin illik kompensasiyasının məbləği, eləcə də müqavilədə nəzərdə tutulan digər ödənişlər müstəqil Kompensasiya Alt Komitəsi tərəfindən müəyyənləşdirilir.

FIFA maliyyə məlumatlarının açıqlanmadığı və ya təşkilatın öz nizamnaməsinin pozulduğu barədə bütün iddiaları qətiyyətlə rədd edir. Təşkilatın maliyyə hesabatları müstəqil auditdən keçir və bütün bəyannamələr İsveçrə, ABŞ və digər ölkələrin vergi qanunvericiliyinə uyğundur”, – deyə FIFA-nın açıqlamasında bildirilib.

Təşkilat, həmçinin oktyabrın 15-də keçiriləcək Şura iclasına diqqətini yönəltdiyini və üzvlərlə futbolun gələcək inkişafını müzakirə etməyə hazır olduğunu vurğulayıb.

İdman.Biz