“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunda “Slaviya” üzərində qazandıqları 2:0 hesablı qələbəni şərh edib.
İdman.Biz xəbər verir ki, litvalı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında komandasının oyuna yaxşı hazırlaşdığını bildirib:
“İlk dəqiqələrdən rəqibə təzyiq göstərirdik. “Slaviya”nı yaxşı təhlil etmişdik, boşluqlarını bilirdik. Bu komanda fiziki cəhətdən inanılmaz dərəcədə güclüdür. Doğma meydanda ilk oyunumuz və ilk qələbəmiz! Bundan gözəl nə ola bilər?!”
Baş məşqçi qarşılaşmanın gedişini daha ətraflı təhlil edib:
“İlk 20-25 dəqiqə ərzində topa daha çox sahib olan tərəf biz idik. Lakin qarşılaşmanın irəliləyən dəqiqələrində topa sahibolma nisbəti bərabərləşdi. “Slaviya” fiziki cəhətdən çox güclü komandadır. Bu cür rəqiblərə qarşı oynayarkən onların müdafiəsindəki boşluqları tapmaq çətin olur. İkinci hissədə isə artıq həmin boşluqları tapa bildik və fasilədən sonra qol vurduq.
Bəzi məqamlarda bəxtimiz də gətirdi. Öz şansımızı gözlədik və ikinci qolu vurduq. Çox sevinirəm ki, futbolçularım bütün tapşırıqları layiqincə yerinə yetirdilər. “Sabah” möhtəşəm nəticəyə imza atdı”.
Dambrauskas azarkeşlərə müraciət edərək növbəti görüşlərdə tribunalarda daha çox tərəfdar görmək istədiyini vurğulayıb:
“Çalışacağıq ki, növbəti qarşılaşmalarda daha yaxşı futbol nümayiş etdirək. Gələcək oyunlarda stadionda daha çox azarkeş gözləyirəm. Digər görüşlərlə bağlı proqnoz verə bilmərəm. Lakin şükürlər olsun ki, bu gün nəticə ürəyimizcə oldu. Qarşıda bizi “Qəbələ” ilə Premyer Liqa matçı gözləyir. Bundan sonra Çempionlar Liqasındakı növbəti qarşılaşmaya köklənəcəyik”.
Baş məşqçi oyunun gedişində Stiv Solvetin əvəzlənməsinin səbəbindən danışıb:
"Stiv Solvetin oyunun gedişində əvəzlənməsi sarı vərəqə alması ilə bağlı deyildi. Onun əvvəldən zədəsi var idi, sadəcə risk etməmək üçün Solveti əvəz etdik. "Sabah"ın həkimlərinə təşəkkür edirəm. O, sıralara daha gec dönməli olsa da, bu, erkən baş verdi. Sadəcə futbolçunun zədəsi yenilənməsin deyə, meydandan çıxardıq. Stiv bu gün çox gözəl oynadı".
Qeyd edək ki, “Sabah” Bakı Olimpiya Stadionunda “Slaviya”nı 2:0 hesabı ilə məğlub edərək Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanıb.
