Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə Özbəkistanın Fərqanə şəhərini təmsil edən “Neftçi” arasında Asiya Çempionlar Liqasının liqa mərhələsinin ikinci turunun oyunu təxminən bir saatlıq gecikmədən sonra başlayıb.
İdman.Biz xəbər verir ki, Bakı vaxtı ilə saat 22:15-də başlamalı olan qarşılaşma Ər-Riyadda yaranan təhlükəsizlik təhdidi səbəbindən təxirə salınıb.
Daha əvvəl yerli KİV Səudiyyə Ərəbistanının paytaxtı yaxınlığında raket hücumu baş verdiyini bildirib. Bəzi məlumatlara görə, hadisədən sonra ərazidə güclü yanğın başlayıb.
Bu hadisələr fonunda matçın ləğv oluna biləcəyi barədə məlumatlar yayılsa da, sonradan həmin xəbərlər təsdiqini tapmayıb. Təşkilatçılar görüşün keçirilməsinə icazə veriblər və komandalar meydana çıxıblar.
23:10
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə Özbəkistanın Fərqanə şəhərini təmsil edən “Neftçi” arasında Asiya Çempionlar Liqasının liqa mərhələsinin ikinci turunun oyunu təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən nəzərdə tutulan vaxtda başlamayıb.
İdman.Biz xəbər verir ki, oktyabrın 12-də Bakı vaxtı ilə saat 22:15-də start götürməli olan qarşılaşma üçün komandalar meydana çıxmayıblar.
Yerli mənbələrin məlumatına görə, gecikməyə səbəb Ər-Riyadda baş verən son hadisələr fonunda futbolçuların və digər iştirakçıların təhlükəsizliyi ilə bağlı narahatlıqlardır. Bildirilir ki, Səudiyyə Ərəbistanı paytaxtının hava limanı iki dəfə atəşə tutulub.
Asiya Futbol Konfederasiyası vəziyyəti izləyir. Hələlik görüşün bu gün keçiriləcəyi, yoxsa başqa tarixə təxirə salınacağı məlum deyil.
Qeyd edək ki, portuqaliyalı hücumçu Kriştianu Ronaldu “Əl-Nəsr”in qarşıdakı oyun üçün açıqlanan start heyətinə daxil edilib.
