FIFA prezidenti Canni İnfantino rəsmi olaraq açıqlanan maaş və bonuslarından əlavə milyonlarla dollar vəsait alması ilə bağlı iddialardan sonra yenidən diqqət mərkəzinə düşüb.
İdman.Biz “The Times” nəşrinin araşdırmasına istinadən xəbər verir ki, FIFA-nın 2026-cı il dünya çempionatının təşkili üçün yaratdığı “FWC2026 US Inc” şirkətinin ABŞ-dakı vergi sənədlərində İnfantinoya 2024-cü ildə əlavə 1,76 milyon dollar ödənildiyi göstərilib. İddiaya görə, bu məbləğ FIFA-nın illik maliyyə hesabatlarında əksini tapmayıb.
Nəşrin məlumatına əsasən, İnfantinonun 2024-cü ildə İsveçrədə rəsmi olaraq bəyan edilmiş maaşı 4,274 milyon İsveçrə frankı (təxminən 3,88 milyon funt-sterlinq) təşkil edib.
Araşdırmada əlavə vəsaitin bir hissəsinin FIFA-nın qarşıdakı dünya çempionatı üçün əsas əməliyyat mərkəzini yerləşdirdiyi Mayamidə İnfantinonun həyat tərzi ilə bağlı xərclərin qarşılanmasına sərf olunduğu iddia edilir.
Bu xərclər arasında “Google”un keçmiş baş direktoru Erik Şmidtə məxsus, sahil kənarında yerləşən malikanənin kirayəsi də göstərilir. Təxminən 20 milyon funt-sterlinq dəyərində qiymətləndirilən mülkün aylıq kirayə haqqının on minlərlə dollar olduğu bildirilir.
Qeyd edək ki, İnfantino FIFA prezidenti postuna növbəti müddətə namizədliyini irəli sürmək niyyətindədir. Yeni maliyyə iddiaları qarşıdakı seçkilər ərəfəsində onun fəaliyyətinə diqqəti daha da artıra bilər.
