“Slaviya”nın baş məşqçisi Yindrjix Trpişovski Çempionlar Liqasının liqa mərhələsinin ikinci turunda qarşılaşacaqları “Sabah”ı oyun üslubuna görə “Barselona” ilə müqayisə edib.
İdman.Biz xəbər verir ki, çexiyalı mütəxəssis oyunöncəsi mətbuat konfransında Azərbaycan təmsilçisinin hücuma üstünlük verdiyini və futbolçularının fərdi keyfiyyətləri ilə seçildiyini bildirib.
“Sabah”ı oyun üslubuna görə “Barselona” ilə müqayisə edərdim. Komanda 4-3-3 sxemi ilə oynayır, daha çox hücuma üstünlük verir və topa nəzarət etməyə çalışır. Futbolçular fərdi keyfiyyətləri ilə seçilirlər. “Mançester Yunayted”lə görüşdə də bir neçə qol imkanı yaratdılar. Həmin matçda yaxşı nəticə qazana bilərdilər. “Sabah” ardıcıl hücumlar təşkil edən komandadır. Hücumçuların fərdi keyfiyyəti isə belə oyunlarda həlledici amillərdən biridir”, – deyə Trpişovski bildirib.
Baş məşqçi “Sabah”ın inkişafını da yüksək qiymətləndirərək futbolçuların klubun tarixinin formalaşmasında mühüm rol oynadıqlarını vurğulayıb:
“Hər kəsin fərqli hekayəsi var. Bəzən böyük tarixə malik klubun bir hissəsi olursan, bəzən isə nəyisə sıfırdan qurmaq imkanı əldə edirsən. Düşünürəm ki, “Sabah”ın futbolçuları bunu çox yaxşı bacarırlar və gördükləri işdən zövq almalıdırlar. Çünki onlar klubun təməlini qoyur, tarixini yazırlar”.
Trpişovski heyətdəki problemlərə toxunaraq mövcud çatışmazlıqları aradan qaldıra bildiklərini qeyd edib:
“Bəzi futbolçuların müəyyən problemləri var idi. Hansı oyunçuların meydana çıxa bilməyəcəyini bilirik. Belə futbolçularımızın olmasından məmnunuq. Mövcud çatışmazlıqları aradan qaldıra bildik”.
Mütəxəssis milli komandaların oyunları ilə əlaqədar yaranan fasilənin futbolçulara fərqli təsir etdiyini də söyləyib:
“Bu, futbolçuların hansı ölkəni təmsil etməsindən, millidə neçə oyun keçirməsindən və nə qədər səfər etməsindən asılıdır. Oyunçularımızın vəziyyəti də fərqlidir. Bəziləri uzun müddət, hətta üç həftəyə yaxın dincəlmək, bərpa olunmaq və oyun ritmini qaytarmaq imkanı qazanıblar. Ümid edirəm ki, bunun təsirini meydanda görəcəyik.
Bununla yanaşı, komandamıza yeni oyunçular qoşulub. Ümid edirik ki, əlavə itkilərlə üzləşməyəcəyik. Hazırda bir neçə turnirdə mübarizə aparan və sıx oyun qrafiki ilə çıxış edən digər Avropa komandaları ilə oxşar vəziyyətdəyik.
Bəzi futbolçularımız milli komandaların düşərgəsindədirlər və onların tezliklə qayıtmalarını istəyirik. Təəssüf ki, aralarında zədələnənlər də ola bilər. Son dövrlərdə futbolun ümumi mənzərəsi belədir”.
“Slovan”a rəhbərlik etdiyi dövrdə Avropa Liqasında “Qarabağ”la qarşılaşmasını xatırladan baş məşqçi ötən illər ərzində həm Bakıda, həm də öz karyerasında dəyişikliklər olduğunu bildirib:
“Azərbaycana ikinci dəfədir gəlirəm. İlk səfərim 10 il əvvəl olmuşdu. Sabahkı oyun da əvvəlki qarşılaşmaya bənzəyəcək. Şəhərdə böyük dəyişikliklər var. Karyeramda da çox şey dəyişib. “Slaviya”nın baş məşqçisi oldum və komanda ilə uğurlu nəticələr qazanırıq. Bir çox məsələlər dəyişib, ətrafımdakı insanlar da fərqlidir”.
Trpişovski komandasının qarşılaşmanın favoriti göstərilməsi ilə bağlı suala isə belə cavab verib:
“Dörd-beş il əvvəl Balkanlarda olmuşam. Onlar çox tanınmış komanda olmasa da, yaxşı futbol oynayır. Bu qarşılaşma bizim üçün böyük təcrübə olacaq. İnanırıq ki, azarkeşlərimiz də bizə güvənir”.
Qeyd edək ki, “Sabah” – “Slaviya” qarşılaşması oktyabrın 13-də saat 20:45-də Bakı Olimpiya Stadionunda başlayacaq.
