İtaliyanın “Yuventus” futbol komandasının baş məşqçisi Luçano Spalletti A Seriyasının altıncı turunda “Kalyari” ilə 1:1 hesablı heç-heçəni dəyərləndirib.
İdman.Biz xəbər verir ki, mütəxəssis “DAZN Italia”ya açıqlamasında komandasının oyunundan razı qaldığını, lakin qol imkanlarından daha səmərəli istifadə etməli olduğunu bildirib.
“Əsas problemimiz qol vəziyyətlərini düzgün dəyərləndirməməyimizdir. Kolo Muani sıx müdafiə şəraitində fərqlənməyi bacardı. O, fiziki cəhətdən güclüdür və həlledici anlarda necə davranmalı olduğunu bilir”, - deyə Spalletti bildirib.
Baş məşqçi komandasının qələbə qazanmaq üçün daha çox təşəbbüs göstərməsinin vacibliyini vurğulayıb.
“Qələbə qazanmağa həddindən artıq köklənməliyik. Onun təsadüfən qarşımıza çıxmasını gözləmək olmaz. Qələbəni özümüz axtarmalı və əldə etməliyik. Bu komandanın potensialı var. Çatışmayan cəhətləri təhlil edir və onları aradan qaldırmaq üçün daha çox çalışmağa səy göstəririk”, - deyə mütəxəssis əlavə edib.
Spalletti “Yuventus”un hücum xəttində etdiyi dəyişiklikləri də izah edib. Onun sözlərinə görə, Nik Qonsales və Randal Kolo Muaniyə meydanda mövqelərini dəyişmək azadlığı verilib.
Görüşün final fitindən sonra Spalletti ilə “Kalyari”nın baş məşqçisi Fabio Pizakane arasında mübahisə yaranıb. Hakim hər iki mütəxəssisə qırmızı vərəqə göstərib.
İtaliyalı çalışdırıcı hadisəni belə izah edib:
“Əslində ciddi heç nə baş vermədi. Ona dedim ki, komandası yaxşı futbol oynayır və vaxtı uzatmağı da yaxşı bacarır. O isə məndən vaxtı uzatmaqla nəyi nəzərdə tutduğumu soruşdu. Bundan sonra hakim hər ikimizi meydandan qovdu. Böyük mübahisə olmadı, hər şey adi qaydada baş verdi”.
Qeyd edək ki, “Yuventus” “Kalyari” ilə səfər görüşündə 81-ci dəqiqədə Randal Kolo Muaninin qolu sayəsində məğlubiyyətdən xilas olub. Turin təmsilçisi İtaliya çempionatında keçirdiyi son dörd oyunun yalnız birində qalib gəlib.
