UEFA-nın Berlində keçirilən toplantısında FIFA-nın gələcək idarəçiliyi və Avropa futbol qurumunun prezidenti Aleksandr Çeferinin taleyi müzakirə olunub. Görüşdə UEFA və quruma üzv 54 milli assosiasiya FIFA-da köklü islahatların aparılması ilə bağlı vahid mövqeyə gəlib. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) isə bu razılaşmaya qoşulmayan yeganə üzv olub.
İdman.Biz xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında yayımlanan bəyanatda bildirilib.
Razılaşmanı dəstəkləyən milli assosiasiyalar FIFA-nın hazırkı rəhbərliyinə etimadlarını itirdiklərini vurğulayaraq, təşkilatda struktur islahatları ilə yanaşı, rəhbər dəyişikliyinin də zəruri olduğunu bəyan ediblər.
“Milli assosiasiyalar FIFA-nın hazırkı rəhbərliyinə etimadlarını itirdiklərini bir daha vurğulayıblar. Təkcə institusional islahatlar kifayət etməyəcək. FIFA-nın həm də yeni rəhbərliyə ehtiyacı var. Bu şəxs futbolla sıx bağlı, nüfuzlu, birləşdirici, idarəçilik baxışına və təcrübəsinə malik, bütün regionların etimadını qazana bilən, inkişaf, islahatlar, dürüstlük və müstəqillik prinsiplərinə sadiq biri olmalıdır”, – deyə bəyanatda qeyd olunub.
Toplantıda FIFA-nın idarəetmə sistemində səlahiyyət bölgüsünün dəqiqləşdirilməsi, nəzarət mexanizmlərinin gücləndirilməsi və maliyyə şəffaflığının artırılması ilə bağlı təkliflər də irəli sürülüb. Bundan başqa, hər milli assosiasiyaya FIFA Forward proqramı çərçivəsində ayrılan vəsaitdən əlavə ən azı 10 milyon dollar maliyyə dəstəyi göstərilməsi təklif olunub.
Berlində UEFA prezidenti Aleksandr Çeferinin gələcəyi ilə bağlı da qərar açıqlanıb. FIFA islahatlarından fərqli olaraq, bu məsələdə bütün 55 milli assosiasiya yekdil mövqe nümayiş etdirib. Onlar Çeferindən yenidən prezidentliyə namizəd olmasını xahiş ediblər.
Əvvəlki qərarına yenidən baxan sloveniyalı funksioner bu təklifi qəbul edib. Çeferin 2027-ci il aprelin 22-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək UEFA-nın 51-ci Konqresində sonuncu müddət üçün namizədliyini irəli sürəcəyini təsdiqləyib.
“Mənə göstərdikləri etimada görə milli assosiasiyalara təşəkkür edirəm. Son illərdə fövqəladə çətinliklərlə üzləşmişik və onların öhdəsindən vahid komanda kimi gəlmişik. Qarşıda hələ mühüm işlər var. Buna görə də onların xahişini qəbul etdim. Məqsədim dəyişməyib – Avropa futbolunun birliyini qorumaq, oyunumuzu daha da gücləndirmək və UEFA-nı gələcək nəsil üçün hazır vəziyyətə gətirmək”, – deyə Çeferin bildirib.
FIFA-da islahatlar və təşkilatın gələcək rəhbərliyi ilə bağlı müzakirələr UEFA-ya üzv assosiasiyalar və dünya futbolunun digər nümayəndələri arasında davam etdiriləcək. Növbəti görüşün noyabrın 17-dək keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, FIFA-nın hazırkı prezidenti Canni İnfantinodur.
