“Mançester Yunayted”in hücumçusu Cey-Cey Qabriel peşəkar müqavilə üçün ildə minimum bir milyon avro maaş tələb edir.
İdman.Biz “Diario Sport”a istinadən xəbər verir ki, oktyabrın 6-da 16 yaşı tamam olan futbolçunun maliyyə tələbləri onunla müqavilə imzalamaq istəyən Avropanın aparıcı klubları üçün əsas maneəyə çevrilib.
Qabriel artıq istənilən Avropa klubu ilə peşəkar müqavilə bağlamaq hüququna malikdir. “Barselona”, “Real Madrid”, “Bavariya” və PSJ futbolçunun vəziyyətini izləyir.
“Bavariya”nın Qabrielin nümayəndələri ilə görüş keçirdiyi, baş məşqçi Vensan Kompaninin də futbolçu ilə şəxsən maraqlandığı bildirilir. Lakin Münhen klubu tələb olunan maliyyə şərtlərini qəbul etməyə hazır deyil.
İldə 1 milyon avrodan başlayan maaş tələbi Dortmund “Borussiya”sı və Leverkuzen “Bayer”inin də geri çəkilməsinə səbəb olub.
“Barselona” və “Real Madrid” isə marağını qoruyur. Qabrielin ailəsi hələ qərar verməyib.
Qeyd edək ki, futbolçu hazırda “Mançester Yunayted”də qeydiyyatdadır. Klub Qabriel başqa komandaya keçəcəyi təqdirdə hüquqi addımlar atmaq imkanını nəzərdən keçirir.
