“Tottenhem”, “Kalyari” və İsveçrə millisinin sabiq futbolçusu Ramon Veqa FIFA prezidenti postuna namizədliyini irəli sürəcəyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, 55 yaşlı isveçrəli futbolçu qurumun hazırkı prezidenti Canni İnfantinoya rəqib olmaq niyyətindədir.
O, FIFA-da islahatların aparılmasının və quruma olan etimadın bərpa edilməsinin vacibliyini vurğulayıb.
“Mən qlobal futbol ailəsini birləşdirmək, həqiqi və uzunmüddətli islahatlar aparmaq, FIFA-nı XXI əsr üçün müasirləşdirmək, sabitliyi və nüfuzu bərpa etmək, həmçinin oyunumuzun çox ehtiyac duyduğu etimadı qaytarmaq üçün namizədliyimi irəli sürürəm”, - deyə Veqa bildirib.
Qeyd edək ki, bu, sabiq futbolçunun FIFA prezidenti postuna namizəd olmaqla bağlı ilk cəhdi deyil. O, 2015-ci ildə Zepp Blatterin istefasından sonra bu vəzifəyə namizədliyini irəli sürmək imkanını nəzərdən keçirib. Veqa 2019-cu ildə də İnfantino ilə rəqabət aparmaq niyyətində olduğunu açıqlasa da, həmin vaxt 211 milli federasiyadan beşinin belə dəstəyini qazana bilməyib.
Veqa karyerası ərzində A Seriyasında, İngiltərə Premyer Liqasında və Şotlandiyanın “Seltik” klubunda çıxış edib.
