İngiltərə və Avropa futbolunun yüksək səviyyəli nümayəndələri “Mançester Siti” ətrafında yaranmış vəziyyətdən narahatdırlar.
İdman.Biz BBC-yə istinadən xəbər verir ki, maliyyə qaydalarını pozduğuna görə Premyer Liqadan kənarlaşdırılsa belə, “Mançester Siti” növbəti mövsüm UEFA Çempionlar Liqasında iştirak etmək hüququnu saxlaya bilər.
Məlumata görə, əsas problem klubun İngiltərə çempionatının yüksək divizionundan uzaqlaşdırılması ehtimalına baxmayaraq, idman prinsipi sayəsində əsas avrokubok turnirində iştirak hüququnu qoruması ilə bağlıdır.
Mövcud qaydalara əsasən, klub cərimə və yarışlardan kənarlaşdırılma kimi ciddi sanksiyalarla üzləşə bilər. Lakin bu, onun milli çempionatda və ya kubok turnirlərində qələbə qazanaraq Çempionlar Liqasına vəsiqə əldə etməsinə mane olmur.
Xatırladaq ki, “Mançester Siti” 2020-ci ildə UEFA tərəfindən tətbiq edilən ikiillik avrokuboklardan kənarlaşdırma cəzasından İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya verərək qurtulub. Məhkəmə bəzi ittihamların iddia müddətinin bitməsi səbəbilə qüvvədən düşdüyünü müəyyənləşdirib.
Müstəqil komissiya “Mançester Siti”ni maliyyə qaydalarını pozmaqda təqsirli bilib. Bununla belə, klubun apellyasiya şikayəti vermək hüququ qalır. Sanksiyalar və Çempionlar Liqasında iştirakla bağlı yekun qərar apellyasiya prosesinin nəticəsindən və UEFA-nın mövqeyindən asılı olacaq.
İşə baxılma müddəti və mümkün intizam tədbirləri hələ müəyyənləşdirilməyib. Klub apellyasiyada qalib gəlsə və milli kuboklardan birində çempion olsa, növbəti mövsüm avrokuboklarda iştirak etmək hüququ əldə edə bilər.
