“Barselona” Alexandro Balde ilə yollarını ayırmaq istəyir

5 Oktyabr 2026 07:32
73
“Barselona” Alexandro Balde ilə yollarını ayırmaq istəyir

İspaniyanın “Barselona” futbol komandası müdafiəçisi Alexandro Balde ilə yollarını ayırmaq niyyətindən imtina etməyib.

İdman.Biz “Foot Mercato”ya istinadən xəbər verir ki, 22 yaşlı futbolçu mövsümün əvvəlində Hansi Flikin əsas seçimləri sırasında yer ala bilməyib. Balde cari mövsümdə cəmi 12 dəqiqə meydanda olub. O, La Liqada “Rasinq”lə qarşılaşmada qısa müddət şans qazansa da, sonrakı altı çempionat oyununda və UEFA Çempionlar Liqasında “Feyenoord”la matçda iştirak etməyib. “Elçe” ilə ilk tur görüşündə isə ümumiyyətlə heyətə salınmayıb.

Mənbənin məlumatına görə, baş məşqçi Hansi Flik hazırda Xavi Espart və Joao Kanselonu sol cinah müdafiəçisi mövqeyində Baldedən üstün tutur.

Buna baxmayaraq, Balde “Barselona”dan ayrılmaq istəmir. Klubla 2028-ci ilin iyununa qədər müqaviləsi olan futbolçu yenidən əsas heyətdə yerini qaytara biləcəyinə inanır. O, indiyədək Kataloniya təmsilçisinin heyətində 169 oyuna çıxıb.

“Barselona” rəhbərliyi isə futbolçunun fikrini yanvar transfer pəncərəsinə qədər dəyişəcəyinə ümid edir. Klub növbəti transfer dövründə onun satışı ilə bağlı variantları yenidən dəyərləndirməyi planlaşdırır.

İdman.Biz