“Bavariya”nın ulduzu iki aylıq fasilədən sonra meydana qayıdır

19 Noyabr 2026 08:12
65
“Bavariya”nın ulduzu iki aylıq fasilədən sonra meydana qayıdır

“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala təxminən iki aylıq fasilədən sonra yaşıl meydanlara qayıtmağa hazırlaşır.

İdman.Biz xəbər verir ki, Münhen klubunun baş direktoru Yan-Kristian Drizen “Abendzeitung” nəşrinə açıqlamasında 23 yaşlı futbolçunun noyabrın 20-də “Köln”lə keçiriləcək Bundesliqa matçında iştirak edəcəyini gözlədiyini bildirib.

“Bildiyimə görə, o, cümə günü oynayacaq”, - deyə klub rəhbəri vurğulayıb.

Drizen “Bavariya”nın fəxri prezidenti Uli Hönessin Musialanın gələcəyi ilə bağlı son açıqlamalarına da münasibət bildirib.

“Uli Höness bu məsələyə həssas yanaşıb. Eyni zamanda, hamımızın klub qarşısında məsuliyyəti var. Ümid edirik ki, Camal geri qayıdacaq. Əvvəlki səviyyəsinə çatmaq üçün ona müəyyən vaxt lazım olacaq”, - deyə o bildirib.

Klub rəhbəri Musialanın bərpa prosesinin və gələcək çıxışlarının diqqətlə qiymətləndiriləcəyini, zərurət yaranarsa, futbolçunun ailəsi və nümayəndələri ilə müzakirələr aparılacağını da qeyd edib.

Xatırladaq ki, Almaniya millisinin üzvü sentyabrın 24-də Niderlandla oyunöncəsi isinmə hərəkətləri zamanı sağ bud nahiyəsindən zədələnib. Əzələ liflərinin yırtılması səbəbindən bir müddət yaşıl meydanlardan uzaq qalan Musiala noyabrın əvvəlində komanda ilə məşqlərə qayıdıb.

“Bavariya” - “Köln” qarşılaşması noyabrın 20-də Münhendə keçiriləcək.

İdman.Biz