İspaniyanın “Barselona” futbol komandasının yenilənən “Spotify Camp Nou” stadionunun miqyası ilə bağlı yeni rəqəmlər açıqlanıb.
İdman.Biz xəbər verir ki, arenanın tam şəkildə 2028-ci ilin ilk rübündə istifadəyə hazır olacağı gözlənilir. Stadionun tutumu 105 min nəfər olacaq, layihənin ümumi dəyəri isə təxminən 1,8 milyard avro (3.6 milyard AZN) təşkil edəcək.
Yeni stadionun ən diqqətçəkən hissələrindən biri 48 min kvadratmetr sahəsi olacaq dam örtüyüdür. Konstruktorların planına əsasən, damın qurulması üçün 92 sütun və təxminən 3 200 ton poladdan istifadə ediləcək. Kabel, dirək, işıqlandırma və digər elementlər də nəzərə alındıqda əlavə 3 500 ton material tələb olunacaq.
Layihədə VIP zonalara da böyük yer ayrılıb. İkinci və üçüncü tribunalar arasında təxminən 33 min kvadratmetr sahə bu məqsədlə nəzərdə tutulub. Stadionda ümumilikdə 9 400 VIP yer olacaq ki, bu da əvvəlki arenadakı göstəricidən 3,5 dəfə çoxdur.
“Barselona” 2 000 yeni uzunmüddətli VIP lisenziyasının satışından təxminən 700 milyon avro gəlir əldə etməyi planlaşdırır. Klub artıq 5 000-ə yaxın VIP yeri kommersiyalaşdırıb və bununla bağlı 380 milyon avrodan çox gəlir öhdəliyi formalaşıb.
Yeni arenanın üçüncü tribunası 35 mindən çox tamaşaçı tutacaq və meydandan təxminən 80 metr yüksəklikdə yerləşəcək. Bundan başqa, stadion ərazisində 2 645 kvadratmetrlik yeni muzey yaradılacaq.
Damın üzərində 18 min kvadratmetr sahədə günəş panelləri quraşdırılacaq. Layihəyə yağış suyunun toplanması və geotermal sistemlər də daxildir. Stadionun rabitə infrastrukturu eyni vaxtda 100 mindən çox insana xidmət göstərəcək və arenada 3 500 ekran yerləşdiriləcək.
